“Neftçi”nin futbolçuları “Aris”lə oyundan sonra özünə gələ bilmir.
Ağır yenilgi komanda üzvlərinə o dərəcədə pis təsir edib ki, adamlar bütün diqqətlərini cavab qarşılaşmasının hazırlığına yönəldib.
Məqsəd gərgin məşqlərin sayəsində Kipr təmsilçisini mübarizədən kənarlaşdırmaqdır.
Hardan bilirik?
Futbolçuların mətbuata açıqlama verməməyindən.
Komandada heç kim nə geridə qalan oyun, nə də qarşıdan gələn matçla bağlı söz deməkdə maraqlı deyil. Futbolçuların hamısı yaxasını kənara çəkir. Jurnalistlərlə ünsiyyəti müəyyən vaxtlıq kəsiblər.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən maraqlandıq ki, olmaya baş məşqçi Laurentsiu Regekampf futbolçularına mediayla əlaqə qadağası qoyub?
“Ağ-qaralar”ın sözçüsü rumın çalışdırıcının heç kimə qadağa qoymadığını deyib, oyunçuların danışmaq istəmədiyini söylədi.
Nə deyirik, danışmasınlar. Təki cümə axşamı sərgiləyəcəkləri futbol və əldə edəcəkləri nəticə ilə azarkeşləri sevindirsinlər. Yox, meydanda da susqunluq göstərəcəklərsə, onda heç nə.
HƏBİB / SPORTİNFO.AZ

