“Mançester Siti”nin sabiq hücumçusunu “Neftçi”yə gətirdi, “heç bir incikliyim yoxdur” dedi

27 İyun 2022 09:40 Neftçi 1 847
“Mançester Siti”nin sabiq hücumçusunu “Neftçi”yə gətirdi, “heç bir incikliyim yoxdur” dedi

“Mən bütün klublarla əməkdaşlıq edirəm, o cümlədən, “Neftçi” ilə”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

2020-ci ilin noyabrında paytaxt təmsilçisindən istefa verən tanınmış funksioner, bilindiyi kimi, hazırda menecerlik fəaliyyəti ilə məşğuldur.

O, artıq carı “yay bazarı”nda bir neçə legionerin Azərbaycana gəlişində vasitəçilik edib. “Neftçi” ilə müqavilə bağlayan Qodsvey Donyo onlardan biridir.

“Ağ-qaralar“ Sultanovun meneceri olduğu qanalı ilə 2 il müddətinə müqavilə bağlayıb. 27 yaşlı forvard 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə “Mançester Siti”yə gətirilib.

Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib.

Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyada “Dinamo”ya (Drezden) icarəyə verilib.

Sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

C.Sultanov bu anlaşmanın “Neftçi”nin yeni idman direktoru Zaur Əzizovun vasitəsilə baş tutduğunu bildirib:

“Premyer Liqa klublarına xeyli sayda futbolçu təklif etmişəm. “Neftçi”yə də bir neçə legioner təklif elədim, onlardan Donyonu bəyəndilər.

Mənin “Neftçi” ilə danışıqlarım yalnız Zaur Əzizov səviyyəsində olub. Klubun prezidenti Kamran Quliyevlə nə görüşmüşəm, nə də danışmışam.

Donyo müqaviləyə imza atanda, məni klubun bazasına dəvət etmişdilər, mən ora getmədim.

“Neftçi”dən heç bir incikliyim yoxdur, bütün klublara eyni münasibəti göstərirəm.

Menecer kimi öz işimi görürəm və fikrimcə, bu, məndə yaxşı alınır. Əslində, bu ilin əvvəlindən menecerliklə fəal məşğul olmağa başlamışam.

İlk vaxtlar bir az çətin idi, çünki yeni işə təzə-təzə alışırdım. İndi isə bu sahə gündəlik fəaliyyətimin əsas hissəsidir.

Ötən müddət ərzində həm əlaqələrimi kifayət qədər inkişaf etdirmişəm, həm də xeyli təcrübə toplamışam.

Düşünürəm ki, Donyo “Neftçi”nin oyun üslubuna uyğundur və komandaya köməyi çox dəyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti