Laurentsiu Regekampf iki gündür «Neftçi»nin başındadır.
Rumıniyalı gələr-gəlməz, iddialı açıqlamalar verdi, rəqiblərə miesajlar göndərdi, güclü komanda quracaqlarını, hücum futbolu oynadacağını vəd etdi, əlqərəz, hara gəlməsinin fərqinə vardığını anlatmağa çalışdı.
Regekampfın söylədiklərində təəccüblü nəsə yoxdur. Bu, bir ənənədir, etiket qaydasıdır.
Bütün məşqçilər yeni işə başlayanda, adətən, eyni məzmunlu fikirlər dilə gətirir, camiəyə, azarkeşlərə xoş gələcək sözlər işlədir, «hər şey yaxşı olacaq» söyləyir.
Kim birinci gün dəsmal götürüb ağlayır ki? Hər şeyin, doğrudan da, yaxşı olub-olmayacağını, dəsmal götürüb ağlamaq zərurəti yaranıb-yaranmayacağını zaman bəlirləyəcək. Vaxtı qabaqlamaq cəhdləri qərəzlidir və biz də buna qarşıyıq.
«Neftçi» böyük klubdur, geniş tərəfdar ordusu, istəyəni var. «Neftçi»nin iddialı olması, ötən günlərini geri qaytarması istər ölkədaxili futbol həyatının canlanması, həm də avrokuboklarda irəli gedən təmsilçilərimizin sayının artması mənasında çox önəmlidir.
Bu klub Azərbaycan üçün bir markadır və könül istərdi ki, «Neftçi» tezliklə qara tuneldən ağ yola çıxsın, futbolsevərləri sevindirsin. «Neftçi» özünə gəlsə, bu, digər klubları da ölü nöqtədən tərpədəcək, rəqabət mühitini bərpa edəcək, Premyer Liqa sağlam nəfəs almağa başlayacaq.
Yeni baş məşqçi Don Kixot olmadığını bilir. Regekampf heç belə istəyə düşənə, bu həvəs və xəyalla yaşayana da oxşamır.
Ölkəsində bir neçə klubu çalışdırıb, Qatar və Səudiyyə Ərəbistanın təcrübəsi yaşayıb. İş dosyesi müxtəlif komandaların adları ilə doludur.
Əlbəttə, tək əldən səs çıxmaz. Rumıniyalı Samir Abasovun ayaqqabısını geyinərsə, çox çəkməz, buradan da ayrılar.
Abasov dəqiqəbaşı «mən-mən» deyirdi, özündən bir qat üstdəki fiqurlara kəllə atırdı, saymırdı, axırı da yaxşı qurtarmadı. Zaur Əzizov çox səy göstərdi ki, onu qorusun, amma yaxşı bir məsəl var: adamın özünə elədiyi pisliyi heç fələk də edə bilməz.
Regekampfın uğurlu olmasını istəyən qüvvələr, hansılar ki, Parisdə (AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov), Bakıda (SOCAR-ın kluba aidiyyatlı şəxsləri), İstanbulda (Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov) əyləşib, daha arabanı ayrı-ayrı istiqamətlərə dartmamalıdır.
Yetər artıq!
Zaur Əzizovu «Qəbələ»dən yalvar-yaxarla gətiriblərsə, idman direktoruna real səlahiyyətlər verməli, müxtəlif vasitələrlə dəstək olmalıdırlar. Bu, yalnız quru söz olaraq qalmamalıdır.
KAMİL

