Samir Abasovu iyunun 8-də yola salan "Neftçi" yeni baş məşqçisinin adını dünən gecə saatlarında ictimaiyyətə duyurdu.
Komandanı rumıniyalı Laurensiu Regekampf çalışdıracaq. 46 yaşlı mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.
Düz 13 gün sonra… Klub rəhbərliyi hər mənada səfərbər oldu ki, yeni baş məşqçinin adını gizli saxlasın.
Son ana kimi. Bəli, son ana kimi.
Əlaqələrimizi işə salıb, onun kimliyini öyrənə bildik və klubun yutub kanalında verilən açıqlamadan 5-6 dəqiqə oxucularımızı Samir Abasovun əvəzləyicisi ilə tanış etdik.
Laurensiu Regekampfın təyinatı bizim üçün də gözlənilməz oldu. Bilirdik ki, bakılı rəsmilər son olaraq Kaxaber Sxadadzeni Tbilisidən bura dəvət edib.
Nə düşünüb, nə daşındılarsa, gürcünü yolun ortasından geri qaytarıb, rumının üzərində dayandılar. Onadək daha kimlərin isimləri gündəmi zəbt etməmişdi ki…
Yuri Vernidubdan Roman Qriqorçuka, Viktor Qonçarenkodan Çağdaş Atana, Ertuğrul Sağlamdan Sənan Qurbanova kimi. O da məlum idi ki, rəsmilər Vernidubdan ikiəlli yapışmışdı,
Ukraynalı müharibənin ortasından dartıb çıxara bilmədilər. Qonçarenko ilə Sağlamı büdcə məsələsində razı salmaq alınmadı.
Regekamf isə öz ayağı ilə Bakıya gələnə oxşayır. 46 yaşı var və karyerasını vərəqləyərkən, xeyli klubu çalışdırdığını görürük. Ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib.
Bolqarıstanda “Liteks”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vahda” və “Əl-Vasl”ı çalışdırıb. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.
Regekamf məşhur ruminiyalı menecer Anna Maria Prodanın keçmiş həyat yoldaşıdır. Annanı isə Azərbaycanın futbol ictimaiyyəti ondan daha tez və daha yaxşı tanıyır.
Hər halda Prodan 9-10 il əvvələ kimi «Xəzər Lənkəran»a görə ölkəmizə çoxsaylı səfərlər edib. Mirça Rednikin zamanında cənub klubuna çox sayda rumın legionerlər gətirib-aparıb, külli miqdarda pul qazanıb.
Regekamfın keçmiş xanımıyla əlaqələrinin tamam kəsib-kəsməməsi mətbuata dəqiq məlum deyil. Məlum olan odur ki, klubları əlcək kimi dəyişmiş
Regekamf tipik rumın məşqçisidir. Xaraktercə emosional, üslubca hücum futbolunu xoşlayan. Tez-tez heyət və komanda dəyişmək bu ölkədən çıxan mütəxəssislərin adətinə çevrilib.
«Neftçi»nin yeni çalışdırıcısı da bu mənada həmfikirlərindən fərqlənmir. 8 ildən sonra «ağ-qaralar»ı ölkə çempionu etmiş Samir Abasovun yerinə gələn şərqi avropalı indiyədək harada olubsa, orada 2 ildən artıq qalmayıb.
Maraqlıdır, «Neftçi» də onunla elə ikiillik müqavilə imzalayıb.
Bu təyinatın «Neftçi» azarkeşlərini təəccübləndirdiyini söyləyə bilərik. Yazılavn status/şərhlərdən bunu görürük. Onlar tamam başqa statuslu, daha tanınmış birini komandanın sükanı arxasında gözləyirdi.
Və ümid edirdi ki, klub rəhbərliyi Abasovun istefasından keçən 13 gün ərzində məhz bu istiqamətdə çalışıb, təyinatı məhz bu səbəbdən bir belə yubadıb.
Hə, deməli, belə… Vernidubu nişan ver, Sağlamı söhbətə çək, axırda get, adını bəlkə də birinci dəfə eşitdikləri Regekamfı gətir bura – «Neftçi» fanatı nə düşünsün indi?
Demirik bədgüman olsunlar. Regekamf ölkəsində və Ərəbistan yarımadasında yaxşı tanınsa da, Azərbaycan publikası üçün qapalı qutudur.
Kəsilməmiş qarpızdır yəni. İndidən iddia etmək olmaz ki, rumıniyalı burada uğursuzluq yaşayacaq. Əksini söyləmək də tezdir.
Konfrans Liqasının startına nə qalıb ki?! Təqribən 1 ay. Zaman yerində saymır, «Neftçi»nin bu təyinatdan qazanacağını, yaxud itirəcəyini görəcəyik.
Keçib ta, su girdi qaba, oldu içməli. Prosesi buraxaq öz axarına.
KAMİL

