“Neftçi”də gözlənilən baş məşqçi təyinatı sabaha planlaşdırılır.
Daha öncədən danışıqlar aparılan Yuri Vernidub ölkəsini tərk edə bilmədiyi üçün Ukrayna təmsilçisi “Krivbas” ilə anlaşdısa, digər iki namizəd – Ərtoğrul Sağlam və Viktor Qonçarenko ilə şərtlərdə anlaşmaq mümkün olmadı.
İndi isə yeni namizəd var. Bu barədə klubdan redaksiyamıza məlumat verilib. Belə ki, “Neftçi” rəsmiləri ölkə futboluna tanış sima olan Kaxaber Tsxadadze ilə təmasa keçib. Artıq danışıqlar üçün o, Bakıya dəvət edilib. Sabah paytaxtımıza gələcək gürcüstanlı mütəxəssislə razılıq əldə olunsa, onun “Neftçi”nin baş məşqçisi kimi təyinatı ictimaiyyətə açıqlanacaq.
53 yaşlı mütəxəssisin sonuncu klubu Tbilisi “Dinamo”su olub. 2021-ci ilin yayında bu komandaya təyinat alıb və bu komanda ilə ötən yay Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşdığı “Neftçi”yə hər iki matçda da məğlub olub.
Bir neçə gün əvvəl “Dinamo”dan ayrılan Kaxa Tsxadadze uzun müddət ölkəmizdə çalışıb. 2008-ci ildə qısa müddət Bakı “Standart”ın, 2009-2015-ci illər aralığında isə Bakı “İnter”in (indiki “Şamaxı”) çalışdırıb.
SPORTİNFO.AZ

