“Mövsüm artıq neçə müddətdir başa çatıb. Konfrans Liqasında mübarizəyə sayılı günlər qalıb.
Amma "Neftçi"də hələ də baş məşqçi təyinatı rəsmiləşməyib.
Mətbuatdan oxuyuruq ki, bir neçə mütəxəssislə danışıqlar aparılıb, sadəcə razılıq əldə olunmayıb. Detallardan xəbərsizik. Görünür, hansısa şərtlərdə razılaşa bilməyiblər”
Bunu Sportinfo.az-a açıqlamasında “Ağ qaralar”ın sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.
O, “Neftçi”də baş məşqçi ilə bağlı yaranmış qeyri-müəyyənliyin qlobal problem olmadığını dilə gətrib:
“Durub demək ki, rəhbərlik istəmir, çalışmır doğru olmazdı. Onlar da çalışır, amma hələ ki alınmır. Yəqin ki, qısa zamanda bu məsələ öz həllini tapar. Rəhbərlik də bilir ki, qarşıda avrokubok matçları var.
Mən indiki durumu qlobal problem saymıram. Yeni gələn çalışdırıcı da rəqibi analiz edəcək, yeni transferlər olacaq və komandanı maksimum həmin görüşlərə hazırlayacaq.
O da məsuliyyəti başa düşməlidir ki, yaxşı nəticə vermək lazımdır. İndi mənim kimisə ittiham etməyim düzgün olmazdı”
Amma veteran qapıçı sabiq komandasının hazırkı durumuna üzüldüyünü də gizlətməyib:
“Açığı, sabiq "Neftçi"li kimi bu mənzərə mənə xoş deyil. Mən də istərdim ki, "Neftçi"mizin yaxşı baş məşqçisi olsun, avrokuboklarda yaxşı nəticələr qazansın.
Amma bu bizdən asılı məsələ deyil. Ümid edirəm ki, tezliklə bu xoşa gəlməz halı aradan qaldırmağa çalışacaqlar”.
XANOĞLAN / SPORTİNFO.AZ

