Məmmədov İranın məşhur klubundan təklif aldığını təsdiqlədi

17 Aprel 2021 19:00 Neftçi 2 014
Məmmədov İranın məşhur klubundan təklif aldığını təsdiqlədi

«Bəli, mənə belə bir təklif gəlib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

Ötən ilin noyabrında paytaxt klubundan ayrılan gənc mütəxəssis karyerasını İranda davam etdirə bilər.

Belə ki, yerli Super Liqada mübarizə aparan «Saypa» azərbaycanlı çalışdırıcıya dəvət göndərib. Tehran təmsilçisi F.Məmmədova 1 illik müqavilə təklif edib.

Hazırda danışıqlar son mərhələdədir və məsələyə qarşıdakı 3-4 gün ərzində aydınlıq gəlməsi gözlənilir.

İranın kifayət qədər tanınmış və maliyyə cəhətdən böyük klublarından sayılan «Saypa» 20 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Saytımızın dünən bu haqda yaydığı xəbəri təsdiqləyən F.Məmmədov hazırda danışıqların bitmək üzrə olduğunu bildirib:

«İran futbolu ilə əlaqələrim hələ bu ölkədə oynadığım vaxctdan yaranıb. Bilirsiz ki, 2000-ci illərin əvvəlində «Maşinsazi»də forma geyinmişəm.

Hazırda mənim işimlə İranın ən tanınmış menecerlərindən biri məşğul olur. Bir neçə gün əvvəl mənimlə əlaqə saxladım və «Saypa» variantı haqda məliumat verdi.

Dedi ki, klub rəhbərliyi ilə danışmışam, onlar da gəlişimdə maraqlıdır. Hardasa 70-80 faiz məsələ həll olunub. danışıqların nəticəsi qarşıdakı günlərdə bilinməlidir.

Söhbətimiz tam alınsa, İrana gedə bilmək üçün sənədlərimi səfirliyə verəcəm. Hazırda koronavirus pandemiyası ilə əlaqədar bu ölkəyə giriş-çıxış məhdudlaşdırılıb.

Müxtəlif prosedurlar var, ondan keçmək lazımdır. Sənədləri təqdim edəndən sonra test verməli, 14 gün gözləməlisən.

«Saypa» iddia klubdur, normal şəraiti, imkanı var. Amma açığı, komandanın niyə turnir cədvəlində aşağılarda getməsinin səbəbini bilmirəm.

Görünür, komanda içində nəsə var, rəhbərlik də bu vəziyyətdən narahatdır. Onlar məni «Neftçi»dəki fəaliyyətimdən daha yaxşı tanıyırlar. Özümü orada çalışmağa hazır sayıram».

Digər Xəbərlər
Xəbər Lenti