Bu mövsüm ilk dəfə bu həftə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan Premyer Liqasının oyunu keçiriləcək.
Arenada ot örtüyündə yarana problemlə əlaqədar stadion təmirə bağlanmış, bu müddətdə “Sumqayıt” ev oyunlarını "SOCAR Polymer Arena"da keçirməli olmuşdu.
Komanda uzun fasilədən sonra əsas arenasına qayıdır. İlk rəqib isə son ölkə çempionu “Sabah” olacaq.
Əslində, bu qayıdış həm “Sumqayıt”, həm də yerli futbol ictimaiyyəti üçün əlamətdar hadisə olmalı, azarkeşlərdə xüsusi maraq yaratmalı idi.
Əsas stadionun qapılarının yenidən açılması, komandanın öz meydanında çıxış etməsi yerli publikanı sevindirməli, tribunalara gələcək azarkeş sayına təsir etməli idi.
Üstəlik, rəqib də kifayət qədər cəlbedicidir.
Söhbət bu mövsüm Çempionlar Liqasında çıxış edən “Sabah”dan gedir.
Paytaxt təmsilçisi cəmi 5 gün sonra Bakıda dünya futbolunun nəhənglərindən biri olan “Barselona”nı qəbul edəcək.
Belə bir komanda ilə qarşılaşma da Sumqayıt azarkeşləri üçün əlavə stimul, oyuna marağı artıran amil olmalı idi.
Yəni bütün məntiqlər bu görüşə marağın yüksək olacağını, stadionda kifayət qədər azarkeş görəcəyimizi ehtimal etməyə əsas verirdi. Ancaq reallıq tamamilə fərqlidir.
Əldə etdiyimiz məlumata görə, bu günə olan son vəziyyətə əsasən, “Sumqayıt” – “Sabah” qarşılaşması üçün cəmi 300 bilet satılıb.
Bəli, söhbət doğma stadionuna qayıdan, rəqibi isə Çempionlar Liqasında mübarizə aparan və beş gün sonra “Barselona” ilə üz-üzə gələcək komandadan gedir.
Başqa sözlə, nə uzun fasilədən sonra əsas arenaya dönüş, nə də rəqibin beynəlxalq arenadakı uğurları və qarşıdakı oyuna azarkeş marağını lazımi səviyyədə artırıb.
Xoş hal deyil.
Qarşıda iki gün var.
Ümid edək ki, sumqayıtlı futbolsevərlər bu müddətdə bilet almaq üçün növbəyə duracaq, say durmadan artacaq.
XANOĞLAN / SPORTİNFO.AZ
