“Neftçi”nin legioneri Breno Almeydanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Sportinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yerli PAOK braziliyalı vingerdən əl çəkmir.
PAOK-un 28 yaşlı oyunçu uğrunda ən böyük rəqibi “Pafos”dur. Saloniki təmsilçisi Brenonu qış fasiləsində heyətinə qatmaqda israrını davam etdirir.
Düzdür, “Neftçi” tərəfi “sambaçı”nı ən azı mövsümün sonuna qədər heyətinə saxlamaq qərarına gəlib. “Ağ-qaralar” çempionluq uğrunda yarışda aparıcı oyunçusunu itirmək istəmir.
Bakılılar yayda bir milyon avroluq təklifi rədd etmişdi. Daha yüksək məbləğdə təklif “Neftçi” rəhbərliyinin fikrini dəyişə bilər. PAOK yanvarda Azərbaycan klubuna rəsmi təklif göndərməyi qərara alıb.
Breno Almeydanın “Neftçi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

