
Arif İsayev – stajlı futbol azarkeşləri bu ad-soyadı yaxşı xatırlayır.
Premyer Liqada “Simurq”, “Muğan”, “Standard”, “Qəbələ”, AZAL kimi komandaların heyətində 150-yə yaxın oyunda forma geyinən, Berti Foqtsun dönəmində Azərbaycan millisinə dəvət olunan, T ürkiyədə legioner həyatı yaşayan ("Dənizlispor"), cinahlardakı sürətli reydləri ilə yadda qalan keçmiş hücumçu.
İsayevin futboldan gedişi bir göz qırpımında baş verdi. 2013-cü ildə, 28 yaşında, karyerasının pik dönəmində illərdir məşğul olduğu peşə ilə vidalaşdı və birdəfəlik yoxa çıxdı.
Futbolçu kimi axtardığım Arifi uzun illərdən sonra müdir qismində tapdım. Ənənəsinə sadiq qalıb danışmaq, müsahibə vermək istəmirdi...
Danışdıq.
- Xeyli vaxtdır futboldan uzaq düşmüsən. Deyəsən oyunlara da gəlmirsən.
- Futboldan uzaq sahədəyəm. Özümüzü işə-gücə vermişik.
- Hansı sahədə?
- Xidmət sahəsidir (gülür).
- Xidmət sahələri o qədərdir ki.
- Restoran işidir. Digər iki qardaşımla birlikdə xalqımıza xidmət edirik.
- Allah bol ruzi yetirsin. Futboldan gedişin müəmmalı oldu. Həm də karyeranın ən parlaq dönəmində.
- Xəstəlik imkan vermədi. Milli komandaya mütəmadi çağırıldığım dönəm idi, səhhətimdə onkoloji xəstəlik aşkarlandı. Həkimlər futbol fəaliyyətimə qadağa qoydular deyə, birdəfəlik uzaqlaşdım.
- İndi özünü necə hiss edirsən?
- Allahın böyüklüyünə şükürlər olsun. Müalicələrin, terapiyaların sayəsində yaxşılaşdım. Pis günlərin hamısı o dövrdə qaldı. Ondan sonra futbola qayıtmadım, uzaqlaşdım.
- Futbolda uğurlu idin, yoxsa biznes sahəsində daha bacarıqlısan?
- Futbol oynadığım dövrdə heç nədən narazı olmamışam. Meydanda canımı qoymuşam, Allah nə qədər ruzi veribsə, şükür etmişəm. Bu gün də narazılığım yoxdur. Hazırda bu sahədə çalışmağıma da futbol oynamağım dəstək verib. Belə deyim, hər ikisində işimi görürəm.
- Keçmiş futbolçuların bəzilərinin kənarda qaldığını, 1000-1500 manata məşqçi işlədiyini, yaxud futbolda baş verən prosesləri görəndə şükür edirsən yəqin.
- Əlbəttə, çox şükür edirəm. Nə yaxşı ki, bu gün indi çalışdığım sahədəyəm.
- Müştərlilərin böyük əksəriyyəti futbol adamları olar.
- Böyük əksəriyyəti deməzdim. Ancaq dostluq etdiyim, indiyə qədər münasibət saxladığım bəzi yoldaşlar arada gəlib-gedir.
- Dönüb arxaya baxanda, oynadığın futbol, yaşadğın karyera səni nə dərəcədə razı salır?
- Hər zaman yaşadığım günlərə görə şükür edirəm. İstər pis olsun, istərsə yaxşı. Yeganə heyfsləndiyim an futbolu karyeramın ən yaxşı dövründə başa vurmağımdır. Əksər futbolçuların ən parlaq vaxtı 25 yaşdan sonra olur. Türkiyədə oynadığım dövrdə formadaydım, kifayət qədər təcrübə toplamışdım. “Dənizlispor”da əla mövsüm keçirmişdim deyə, Super Liqa klublarının rəsmiləri mənimlə maraqlanmağa başlamışdı. Hətta Azərbaycanın tanınmış klublarından da təkliflər var idi. Gələcəklə bağlı böyük planlar qurduğum anda məlum xəstəliklə üzləşdim. O dövrü keçə bilsəydim, daha çox tanınar, daha çox fayda verərdim.
- Karyeranın unudulmaz hadisəsi kimi hansını qeyd edə bilərsən? Dünya ulduzu Toni Adamsın rəhbərliyi altında oynamağı, dünya çempionu Berti Foqtsdan dəvət almağı, yoxsa qarşına çıxan gözlənilməz xəstəliyi?
- Hər şeydən əvvəl yadıma səhhətimlə bağlı problem düşür. Çünki xəstəlik olmasaydı, daha yaxşı karyera yaşaya, daha güclü komandalarda oynaya və daha adlı-sanlı məşqçilərlə işləyə bilərdim. Həm də kiminləsə oynamaq, kiminləsə işləmək – bunlar futbolun içində olan proseslərdir. Ancaq o cür xəstəliyin karyeranın zirvə nöqtəsində qəfil “qapını döyməsi”, bu, hər adamın başına gələcək iş deyil. Ona görə də bu hadisəni heç vaxt unuda bilmirəm.
- Futbolda qazandığım dostlar, yoldaşlar karueranı başa vurandan sonra yanında qaldılar?
- Heç kimlə heç bir problemim yoxdur. Futbolda tanış olduğum dostlar var ki, müsnibətimiz illərdir davam edir. Yaxud tez-tez görüşmək imkanımız olmasa da, məclislərdə üz-üzə gəlirik, keçmiş günləri yada salırıq. Bu baxımdan heç kimlə problemim yoxdur. Çünki xaraktercə hamı ilə dil tapan adamam.
- Futbolda qazandığım dostlar, yoldaşlar karueranı başa vurandan sonra yanında qaldılar?
- Heç kim heç bir problemim yoxdur. Futbolda tanış olduğum dostlar var ki, müsnibətimiz illərdir davam edir. Yaxud, tez-tez görüşmək imkanımız olmasa da, məclislərdə üz-üzə gəlirik, keçmiş günləri yada salırıq. Bu baxımdan heç kimlə problemim yoxdur. Çünki xaraktercə hamı ilə dil tapan adamam.
- Azərbaycan futbolu kənardan necə görünür?
- Nə yalan deyim, yaxşı heç nə görünmür. “Qarabağ”ı çıxmaq şərti ilə xoş bir şey yoxdur. Yaxşı ki, “Qarabağ”ın sayəsində bəzən sevinirik, qələbənin nə olduğunu hiss edirik.
- Ölkə futbolundan söz düşəndə, müştərilər, futbolla az-çox maraqlanan tanışlar nə deyirlər?
- Əksər tanışların dilindən eşitdiyim odur ki, Azərbaycan millisi tarixi ərzində indiki qədər zəif görünməyib. Bilirlər ki, futbolçu olmuşam, millidə oynamışam, yığma komanda uğursuzluq yaşayan kimi üstümə gəlib “sizinkilər yeni uduzdu” deyirlər. Başlayırlar suallar verməyə.
- Hansı cavabı verirsən?
- Bacardığım qədər mövzudan qaçıram, açığı.
- Premyer Liqadakı mübarizə xoş gəlir?
Y- alan deməyəcəm, çempionatda dərindən maraqlanmıram. Bəzən qarşıma hansısa veriliş, yaxud oyunla bağlı epizodlar çıxanda oturub baxıram. Stadiona sonuncu dəfə hansı tarixdə getməyim belə, yadıma gəlmir. Bir neçə il əvvəl idi, millinin oyununa getmişdim. Çempionat matçlarına getmirəm, xüsusi şəkildə baxmıram.
- İş çoxdur, yoxsa maraqsız gəlir?
- Hər ikisi var. Həm vaxt məsələsində çatdırmaq olmur, həm də soyuqluq, qəriblik, nə bilim, izah edə bilmədiyim nəsə var içimdə. Dövr, zəmanə inkişaf etdikcə, futbolumuz da yuxarı qalxmalıdır. Hələ ki, onu görmürəm. Bilirəm, müsahibəni oxuyanların bəziləri deyəcək ki, guya sizin vaxtınızda nəticələr əla idi, super futbol oynayırdız? Bəzən bu kimi iradları eşidirəm axı.
- Bu cür düşünənlərlə razılaşırsan?
- Baxır o söz kimin haqqında deyilir. Bəzi futbolçular var ki, öz dövrünü və oynadığı futbolu tərifləməkdə haqlıdır.
- Həqiqətənmi 10-15, hətta 20 il əvvəlki milli komanda və sərgilənən futbol indikindən daha yaxşı idi?
- Təbii ki, fantastika deyildi. Futbolumuzu oynayırdıq, udurduq da, uduzurduq da. Sadəcə o dövrdə döyüşkənlik və mübarizlik indiki ilə müqayisədə daha çox idi. Bilmirəm, bu, genetika ilə bağlıdır, yoxsa fiziki cəhətdən zəifdirlər, bəlkə psixoloji baxımdan boşluq var, bəlkə texnologiya dövrü nəyəsə mane olur. Bizim dövrdə Rəşad Sadıqov, Mahir Şükürov, Elnur Allahverdiyev kimi futbolçular meydanda bir dəqiqə dayanmırdılar. Qışqırırdılar, özlərini öldürürdülər ki, məğlub olmayaq. Hücumçumuz öz cərimə meydançasımıza qədər qayıdıb sürüşmə fəndi edirdi. Berti Foqtsun bir zəhmi var idi ki, adamınb üzünə baxanda, gizlənməyə yer axtarırdıq. Çox şeylər var, sadəcə danışmaq olmur ki,, birdən yanlış anlaşılar.
- Azərbaycanlı futbolçular karyerasını başa vurandan sonra ya futbol sahəsində çalışır, ya da bəxtini biznesdə sınayır ki, belələrindən biri də sənsən. Müstəntiq, vəkil, icra nümayəndəsi, pedaqoq və dogər bu kimi vəzifələrdə işləyə bilməməyinizin səbəbi nədir?
- Bu, çox dərin, ciddi müzakirələrə yol aça biləcək mövzudur. Gəlin baxaq, Azərbaycanda futbolla məşğul olan uşağın təhsilinə nə dərəcədə önəm verilir? Ola bilsin, 7-8-ci siniflərə qədər dərslərini yaxşı oxuyur. Bəs sonra? Orta məktəbi əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olub, istənilən səviyyədə təhsil alan neçə futbolçumuz var?
- Çox az sayda.
- Təəssüf ki, belədir. Mən də o yolu keçmişəm. Futbolçu olmağa doğru gedirsənsə, məktəbin başını buraxıb, bütünlüklə futbola köklənirsən. Təhsil, elm, savad – bunlar ciddi önəm kəsb etmir. Əsas odur ki, tanınmış və səviyyəli futbolçu olum. Azərbaycanlı futbolçuların bəlkə də 70 faizi ali məktəb təhsili almayıb. Belə olduğu halda, karyerasını bitirəndən sonra dövlət qulluqçusu kimi çalışa bilməz axı. Ötən il Avropa çempionatı vaxtı idi, İspaniya millisinin üzvü Lamin Yamal oyundan sonra oturub onlayn qaydada dərsləri ilə məşğul olurdu. Yaxud Avropadakı hakimlərə baxın, biri mühəndisdir, o biri stomatoloq, bir başqası polis işləyir. Bizdə içi mən qarışıq, futboldan başqa əlimizdən yalnız bizneslə məşğul olmaq gəlir. Yaxşı ki, bunu bacarırıq.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.