"Beşiktaş" və "Dinamo" rəsmiləri "Neftçi"nin 2-3 oyunçusunu çox bəyəndi" - MÜSAHİBƏ

5 Aprel 22:55 Müsahibə 333
"Beşiktaş" və "Dinamo" rəsmiləri  "Neftçi"nin 2-3 oyunçusunu çox bəyəndi" - MÜSAHİBƏ

Ötən ay "Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçirildi.

Yarışda təşkilatçılardan başqa "Göztəpə", "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan), "Qarabağ" və "Ulduz" komandaları yer aldı.

Sportinfo.az-a müsahibə verən "Neftçi" akademiyasının koordinatoru Sənan Qurbanov məhz yarışla bağlı geniş danışıb.

Təcrübəli mütəxəssis ilk olaraq aşağı yaş qruplarındakı ümumi mənzərə barədə məlumat verib.

- Perepektivli oyunçularımız var. Əsas komandaya düşə biləcəkləri ilə bağlı siqnallar verirlər. Uşaqların üzərində dayanırıq, fərdi məşqlərimiz olur. Futbolçuların ailə həyatı, təhsilləri ilə bağlı davamlı maraqlanırıq. Çalışırıq ki, akademiyamıza seçilən uşaqlarla daim ünsiyyətdə olaq. Tez-tez iclaslarımız olur.

- Ötən ay "Bakı Kuboku" beynəlxalq turniri keçirildi. Yarış nə ilə yadda qaldı?

- Uzun müddətdir ölkəmizdə belə keyfiyyətli turnir keçirilmirdi. "Neftçi" rəqiblərin rahatlığı üçün mümkün bütün yaxşı şəraiti yaratmışdı.

- "Neftçi"nin U-11 komandası özünü necə göstərdi?

- Uşaqlarımız üçün yaxşı təcrübə oldu. Düzdü, ilk oyunlarda həyəcan vardı. "Beşiktaş", "Dinamo" kimi adlar istər-istəməz təsir edirdi. Amma növbəti oyunlar uşaqlar özünə gəldi. Həyəcanı kənara atıb daha yaxşı oynadılar, yaxşı qollar vurdular. Bayram ərəfəsində əla ab-hava vardı. Bağlanış mərasimində tanınmış veteranlarımızdan "Dinamo"da oynamış Vəli Qasımov, Rusiyada legioner həyatı yaşamış Nazim Süleymanov iştirak etdilər. Çox maraqlı turnir keçdi.

- Uşaqlar arasında səviyyə fərqi necə idi?

- Məsələn, rəqiblərin daha çox xarici turnirlərdə iştirak etməsi hiss olunur. Bir başqa məqam "Kayrat"ın, "Dinamo"nun akademiya üçün seçim şansları çox genişdir. Müxtəlif bölgələrdə böyük seleksiya qrupları var. Çox da üstün olduqlarını deməzdim, amma götürə biləcəyimiz müsbət cəhətləri vardı. Bakıda klub çoxdur. Burada klubların yox, uşaqların seçim imkanları genişdir. Amma bu yaş qrupunda uşaqlar arasında ciddi fərq olduğunu deməzdim. O da var ki, bu yaşda fərq çox hiss olunmaya bilər, amma zamanla bunu hiss edə bilərik. Futbolçularımız daha çox turnirdə iştirak etməklə artıra bilərlər.

- Digər məşqçilərin də bənzər açıqlaması çox olub. Ki, 15 yaşadək uşaqlarımız xarici klubların oyunçularından çox geri qalmır. Bəs sonra nə baş verir ki, biz onları itiririk?

- Futbolçuların keçid dövrüdür. Biz də bunun üzərində çalışırıq. Artıq müəyyən məşq metodları seçmişik. Hər yaş qrupundan 6 nəfərə spesifik məşqlər keçirilir. Həm fiziki, həm də texniki baxımdan itməsinlər. Rəhbərlik sağ olsun, həmin uşaqların ayrıca qidalanması üçün də lazım olan dəstəyi göstərir. Bu yöndə müzakirələrimiz çox olur. Çalışırıq ki, oyunçuları maksimum qazana bilək. Həqiqətən, çətin mərhələdir. Amma işin üstünə çox ciddi düşmüşük.

- Akademiyanın yaş qruplarının beynəlxalq turnirə yollandıqlarını bilirdik. Amma uzun aradan sonra "Neftçi" Bakıda belə bir tunir təşkil etdi. Bunun davamı olacaqmı?

- Bakıya gələn qonaqlarla turnirdə sonra söhbətlərimiz oldu. Hər biri turniri çox bəyəndi. Bir yaş qrupu iştirak etdi, amma digər yaş qruplarımız da turniri izlədi. Məşqçilər hamısı turniri yaxından izlədi, bir parçası oldu. Xaricə bir yaş qrupu gedirsə, burada bütün akademiya üzvləri turniri yaxından izləyə bildi. Planda bu turnirlərin Bakıda yenə keçirilməsi var.

- "Kayrat", "Beşiktaş" və "Dinamo" tərəfinin bizim uşaqlarla bağlı fikirləri necə oldu?

- Yaxşı. 2-3 oyunçumuzu çox bəyəndilər. Bildirdilər ki, həmin uşaqlar Avropa klublarına göndərilsə daha yaxşı olar. Çünki rəqiblərin belə təcrübəsi var. Bir dönəm Fransa, İspaniya kimi ölkələrə göndəriblər. Gələcəkdə biz də istifadə edə bilərik.

- Beynəlxalq turnirlərin uşaqların inkişafında rolu böyükdür. Amma paralel olaraq daxili liqalarda da rəqbət güclü olmalıdır. Yerli çempionatlarda bu baxımdan vəziyyət necədir?

- Razıyam, rəqiblər burada da ciddi olmalıdır. Bu gün "Sabah", "Qarabağ", "Sumqayıt", "Zirə" kimi ciddi rəqiblər var. 15 yaşa qədər "Ulduz" yaxşı işlər görür. Format da dəyişib. Bu il nisbətən daha çox rəqbət var. İntensivlik var. Bu gün rəqibimiz "Sabah"ın U-17 komandası idi. Oyun 3:3 hesabla bitdi. Stresli görüş keçdi. Sürət, dinamik vardı.

- Bu mövsümdən Premyer Liqada Legioner limitinin ləğv edilməsi akademiyanın gələcəyinə necə təsir edə bilər?

- Biz də bu mövzuda qayğılıyıq. Düzdü, əsas komandada Rza Cəfərov, Murad Məmmədov kimi gənclərimiz var. Limit ləğv edilib, rəqabət artıb, amma yenə oynaya uşaqlarımız var. İndi daha çox çalışmalıyıq. Bu yöndə fikirlər birmənalı deyil. "Qəbələ" və "Qarabağ" eyni anda qruplarda olanda legioner limiti 6+5 idi. 21 yaşında 1 oyunçunun əsas heyətdə olması da şərt idi. Bəlkə də bundan istifadə edənlər vardı. Amma istifadə etməyib inkişaf edənlər də vardı. Yaxşı oyunçu istənilən şərtlərdə özünə yer tapacaq. Əlbəttə, istəyərdik ki, Premyer Liqada sayları çox olsun. Çətin mövzudur. Akademiyada çalışmasam, buradakı əziyyəti görməsəydim, Premyer Liqa məşqçisi kimi legioner alıb oynatmaq daha rahat ola bilərdi. Amma bu gün çox istərdim ki, yerli oyunçularımız Premyer Liqada daha çox olsun. Təbii ki, bunun üçün də limitin olması lazımdır. Bəzən akademiyada inandığımız uşaqlara əsas komandada 6 ay səbr etsək daha yaxşı nəticə əldə edə bilərik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti