“Finala yüksəlmək şansı öz əlimizdədir.
Bizə verilən tapşırıqları düzgün yerinə yetirsək, qələbə qazana bilərik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Mateus Koxalski deyib.
Bu gün “Bank Respublika Arena”da Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Sabah” prinsipial rəqibi “Qarabağ”ı qəbul edəcək.
Aprelin 3-də Respublika stadionunda keçirilmiş görüş 2:2 hesabı ilə başa çatdığından, cavab matçında şanslar bərabər qiymətləndirilir. Hərçənd meydan amili üstünlüyü “Sabah”ın tərəfində olsa da.
Polşalı qolkiper fərqli fikirdədir. 25 yaşlı futbolçu şansları faiz nisbətində dəyərləndirəndə qeyri-adi rəqəmlər səsləndirib:
“Şansların 50-nin 50-yə, yaxud 60-ın 40-a olduğunu demək çətindir. Çünki futbolda əvvəldən proqnoz vermək olmur. Üstəlik, ilk oyunda qalib müəyyənləşməyib.
İlk oyundakı heç-heçəyə görə bəlkə də 50-nin 50-yə kimi proqnozlaşdırılır. Lakin mən “Qarabağ”a güvənərək deyirəm ki, şanslar 90-nın 10-a xeyrimizədir.
Finalda oynayacağımıza və kuboku qazanacağımıza inanıram. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
Bu gün “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

