“Sabah”ın gözünə girmək istəyənlər - İyrənc planın XƏBƏRÇİSİ…

17:40 Sabah 304
“Sabah”ın gözünə girmək istəyənlər - İyrənc planın XƏBƏRÇİSİ…

«Sabah» əla oynamadı, möhtəşəm oynadı Masazırda.

Ev sahibi adına yaraşan mükəmməl bir futbol sərgilədilər.

O qədər gözəl ki istəməzdik 90 dəqiqə bitsin. Təkrarına baxmaqdan belə, doyulmayacaq səviyyədə fantastik bir qarşılaşma izlətdilər bizə.

Valdas Dambrauskasın şəxsində elit bir məşqçini Azərbaycana gətirə bildiyi üçün «Sabah» rəhbərliyinə dönə-dönə təşəkkür düşür.

Çox sanballı, «əl işi»ni tez göstərməyi bacaran mütəxəssisdir. Ona da minnətdar olmalyıq ki, ötən mövsüm heç-heçə etməkdən təngə gəlmiş futbolçulardan qısa müddətdə gözəl ansambl düzəldib.

Azərbaycanda çoxdandır «Qarabağ» səviyyəsində belə komanda olmayıb. «Sabah» hazırda «Qarabağ»dan qat-qat yaxşı durumdadır.

İstər psixoloji, istər mental, istərsə də fiziki konsentrasiya sarıdan. Yayda iki-üç səviyyəli legioner alsalar, şübhə eləmirəm ki, avrokuboklarda çox uzaqlara gedəcəklər.

Sözümüzün canı odur ki, Dambrauskas «Sabah»ı hazır «maşın»a çevirib, bəlli bir sistem yaradıb, hara istəyirsən, sür get.

Sadəcə, hakimlər «Sabah»ın gördüyü işə, baş məşqçinin səmərəli fəaliyyətinə kölgə salırlar.

Sanki bir-birləriylə yarışa giriblər - kim «Sabah»ın daha çox gözünə girə biləcək deyə. Bu, həqiqətən belədir və kənardan hədsiz pis görünür.

«Sabah» bir kənara, qalanları bir kənara - Rəhim Həsənovun AFFA Hakimlər Komitəsinin sədri təyin olunmasından sonra tərəzinin gözü bu qədər əyilib.

O, hakimlik etdiyi dövrdə təmizdiyi, dürüstlüyü ilə yadda qalmayıb. Frank de Blekerdən sonra Rəhim Həsənovu vəzifəyə kim(lər) gətiribsə, çox böyük yanlışa yol verib.

Onunla bağlı stajlı futbol adamlarından, inandığı klub rəhbərlərindən müəyyən informasiyalar ala bilərdi(lər).

Bir neçə il əvvələ kimi Stuxliklə saunada vaxt keçirən hakimlərdən hələ də Premyer Liqaya təyinat alanlar varsa, yeni sədrin gəlişiylə suların durulmasından danışmaq axmaqlıqdır.

Əksinə, hakimlikdəki problemlər, səhvlər, ikibaşlı, qərəzli qərarların sayı son vaxtlar durmadan artmaqdadır.

Bu, mövsümün həlledici mərhələsi yaxınlaşdıqca gözlənilən idi, lakin belə biabırçı sayda, əclafcasına, murdarcasına, ləyaqətsizcəsinə yox.

Axırı anarxiyadır bunun.

«Qarabağ» və «Neftçi» başda olmaqla, ölkənin ən reytinqli iki klubuna göstərilən münasibət eynidir. İkisi də hakimlikdən dad döyür, qan ağlayır.

Bu, hansısa kabinetdə cızılmış alçaq planın tərkib hissəsidir? Faktımız yoxdur, ancaq oxşayır.

Təsadüfün ayağına corab geyindirmək olar, başına zorla papaq keçirmək isə yox.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti