«Şamaxı» bu mövsüm ilk dəfə bir oyunda start heyətində 5 yerli futbolçunun xidmətindən istifadə elədi.
Sonra da «şans, şans» deyirlər, umu-küsü edirlər, dodaqlarını büzürlər, sifətlərini turşudurlar.
Ayxan Abbasov bu imkanı Yevlaxda yaratdı onlara. Əvəzində məğlubiyyət aldı. Premyer Liqanı tərk etmək ərəfəsində olan «Karvan» ilk hissədə vurduğu 1 qolla 3 xalı öz xanasına yazdı.
Premyer Liqada yerli bazaya ən çox üz tutan və şans verən komanda «Qəbələ»dir. Yəqin ki, buna görə Peşəkar Futbol Liqasından qəşəngcə bonus alacaqlar
Ancaq bu, «Qəbələ»yə çempionatda qala-qala müəssər olacaqmı? Böyük sual artıq burada qarşımızı kəsir. Turnir cədvəlinin 11-ci pilləsindəki yer «Qəbələ»ni göstərir.
Ayxan Abbasov Kaxaber Sxadadzedən daha ağıllı və tədbirli tərpəndi. Legionerləri düzgün seçməklə və üstünlüyü onlara verməklə «Şamaxı»nı liqada saxladı, indi rahatdır.
O, bundan sonra əsasən cavanları sınaqdan keçirəcək.
Qorxulu dönəm bir qədər arxada qalıb, həbiblər, nahidlər, bilallar, emillər «Şamaxı»nın formasıyla Premyer Liqanın istisinə qızanacaqlar.
Gərək hər biri bunun qədrini bilsin. Abbasovun yanında keçirdikləri hər dəqiqə bu gənclərdən ötrü qızıla bərabərdir.
ELXAN

