İkinci Liqa təmsilçisi "Şəmkir"in təsisçisi və prezidenti dəyişib.
Yaxınlarda rəhbər postdan gedən Vüsal Məmmədovu Adil Əliyev əvəzləyib.
Sportinfo.az-a müsahibə verən yeni rəhbər bölgə klubu ilə bağlı böyük planları barədə danışıb.
- Uzun illər Premyer Liqada uzaq düşən "Şəmkir"də hər şeyin sıfırdan qurulması çətin olmayacaq?
- Yox, sıfırdan qurulduğunu deməzdim. Bu gün İkinci Liqada olmağımız bizim üçün bir təkandır. Bir addım öndəyik. Biri var həvəskar liqadan başlayasan, biri də var artıq ikinci liqada mübarizə aparırıq. Bu da inam yaradır ki, daha yuxarı pillələrdə ola bilərik. Məqsədimiz dayanıqlı iş qurmaqdır. İstəyimiz odur ki, 2-3 ildən sonra Şəmkirdə futbol dayanmasın.
- Bunun üçün nələr lazımdır?
- Təbii ki, asan deyil. Bunun üçün yeni sponsorlar mütləq olmalıdır. Elə sizin vasitənizlə sponsorlara səslənirəm ki, biz danışıqlara hazırıq. Yeganə şərtimiz dayanıqlı iş qurmaqdır.
- İş adamları, şirkətlər əməkdaşlıqda maraqlı görünür?
- Söhbətlərimiz aparılır. Ola bilsin ki, yaxın günlərdə bir şirkətlə anlaşdıq. Ad açıqlamaq istəmirəm, amma danışıqlar gedir. Bəzi sponsorlardan isə biz özümüz imtina etmişik.
- Səbəb nədir?
- Çünki onlardan dayanıqlı iş təklifi ala bilmədik. Kim daha dayanıqlı, daha ciddi formada Şəmkirdə futbol olmağını istəsə onunla razılaşa bilərik. Həmin sponsorlara bizim qapılarımız 24 saat açıqdır.
- Hazırda Şəmkirdə uşaq futbolunda real vəziyyət necədir?
- 14 yaş qədər məşqlər keçirilir. Amma ondan sonra akademiya olmadığı üçün uşaqlar əsasən Tovuz Futbol Akademiyasını gedirlər. Hazırda bir neçə şəmkirli uşaq aşağı yaş millilərində çıxış edir. Məqsədimiz futbolumuza şəmkirli istedadları bəxş etməkdir. Bu gün bizdə çıxış edən Hüseyn Atayev U-17 milli komandasının kapitanı olub. Müəyyən səbəblərdən futbolu atmışdı. Biz onu yenidən futbola qaytardıq. Çox perepektivli uşaqdır. Məşqçilər bildirir ki, üzərində çalışsa gələcəyin Rəşad Sadıqovu ola bilər. Onu yenidən böyük futbolda görmək istəyirik. Yenidən milliyə qayıtsa bizim üçün də fəxr olar. Bu günlə yaşamırıq, daha çox sabahı düşünürük. Bu məqsədlə AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşümüz də oldu. Belə mötəbər bir insanın ikinci liqa klubunun rəhbərini qəbul etməsi bizim üçün, "Şəmkir" ailəsi üçün qürurverici hal oldu. Bizim üçün şərəf oldu. Sizi vasitənizlə bir daha Cahangir Fərəcullayevə təşəkkür edirəm. Çox xoş bir görüş keçdi.
- Bu görüşün əsas məqsədi nədən ibarət idi?
- Bildiyiniz kimi, "Şəmkir" klubunda yeniyəm. Əsas istəyim yaxından tanış olmaq idi. AFFA-nın illik hesabat konfransında iştirak etdim. Bütün çıxışlara diqqətlə qulaq asdım. AFFA-nın hazırkı rəhbərliyinin gördüyü işlər göz qabağındadır. Klub sayının artırılması, "Qarabağ"ın Avropada möhtəşəm nəticələr qazanması, digər klublarımızın layiqli çıxış etməsi, millimiz "FİFA Series-2026"nın qalibi olması hamımızı sevindirir. Bütün bunların AFFA-nın gördüyü işlərin nəticəsidir. Bilirik ki, hazırkı federasiya rəhbərliyi regionlarda da futbolun inkişafına maraq göstərir. Mən də region klubunun rəhbəri kimi Cahangir müəllimlə görüşmək istədim. Gələcək planlarımızı bölüşdük. İstədik ki, AFFA rəhbərliyinin də ilk başdan xeyir-duasını alaq. "Şəmkir" Azərbaycan futbolunda iz qoyub. İstəyirik ki, "Şəmkir" klubu AFFA-nın cızdığı inkişaf planının bir parçası olsun. Bunun üçün çalışırıq. Aramızda səmimi söhbət getdi. Bizi çox diqqətlə dinlədi. Detallara girmək istəmirəm, amma çox faydalı görüş keçdi.
- Bu görüşün gələcək fəaliyyətinizə təsiri ola bilər?
- Mütləq. Şəmkir futbolsevərlərinin də bu görüşdən gözləntiləri böyük idi. Mən də görüşdən xoş təəssüratlarla ayrıldığımı deyə bilərəm. Hesab edirəm ki, baş katibin məni qəbul etməsi Şəmkirdə bir qığılcım yaratdı. Daha yaxşı olacağına, qığılcımın alovlanacağına inanırıq.
XANOĞLAN İMANOV

