Onu 1997-ci ildə Azərbayacana “Bakılı”nın prezidenti Misir Əbilov Ukraynadan dəvət etmişdi.
Əslən Rusiyadan olub Ukraynada doğulan və buranın vətəndaşlığını daşıyan hücumçu qısa zamanda ölkəmizdə məşhurluq qazanmağı bacardı.
1997-1999-cu illərdə “Bakılı”da (45 oyun, 7 qol) çıxış etdi, karyerasının ən parlaq illərini 199-2005-ci illər aralığında (90 oyun, 28 qol)“Şəmkir”də yaşadı.
Azərbaycan çempionu oldu, Çempionlar Liqasında oynadı, qol vurdu, mərhələ adladı, bir sözlə, “Şəmkir” ona hər şey qazandırdı. Lakin ən çox arzuladığı şərəfə - Azərbaycan millisinin formasını geyinməyə nail ola bilmədi.
Stajlı futbol azarkeşləri söhbətin Viktor Kulikovdan getdiyini mütləq ki, anladı.
55 yaşlı keçmiş futbolçu 21 il əvvəl daşını atdığı futboldan uzaq düşüb. Nə “gördüm” deyən var onu, nə də eşidən.
Maraqlananda məlum oldu ki, Vitya karyerasını başa vurandan sonra nə Ukraynaya qayıdıb, nə də Rusiyaya üz tutub. Ailəsi ilə birlikdə Bakıda yaşayır. Başqa sanətin qulpundan yapışıb və çalışdığı sahədə kifayət qədər tanınır.
Jurnalistlərlə ünsiyyətlə arası olmayan “Şəmkir”in keçmiş “10 nömrə”si özünün də dediyi kimi, karyerasını başa vurandan, yəni 2005-ci ildən bu yana ilk dəfə müsahibə verərək Sportinfo.az-ın suallarını cavablandırdı.
- Səs-sorağınız gəlmir, stadionlara da baş çəkmirsiz deyəsən. Futboldan tamamilə uzaqlaşmısız?
- Belə de demək olar. “Şəmkir”də oynadığım sonuncu mövsüm yaxşı alınmadı. Komanda dağıldı, alacağımız pullar verilmədi, o qədər təkliflər aldığım halda “Şəmkir”i tərk etmədim və yekunda başıma bu işlər gəldi. Ondan sonra futboldan uzaqlaşdım, öz işimlə məşğul olmağa başladım.
- Futboldan küsdüz...
- Yox-yox. Küsməkdən söhbət getmir. Küsməyi, inciməyi bacaran adam deyiləm. Sadəcə ümumi vəziyyəti başa salmaq istəyirəm ki, üzləşdiyim hadisələrdən sonra futboldan getməyi qərara aldım. Ömrünün yarısını sevimli sənətə vermək və bir anın içində orada uzaqlaşmaq təbii ki, asan deyildi. Amma belə alındı.
- Eşitdiyimə görə, o vaxtdan Bakıdasız.
- Əlbəttə. Bakı bizim üçün doğma şəhərdir.
- Nə işlə məşğul olursuz?
- Elektrik kimi fəaliyyət göstərirəm. Bakıda tanınmış beş elektrik varsa, biri mənəm (gülür). Hər halda belə eşitmişəm.
- Belə başa düşdüm ki, hələ futbol oynadığınız dönəmdə elektrikliyi bacarmısız. Birdən-birə futboldan başqa sahəyə keçmək bu qədər asan ola bilməz.
- Burada çətin heç nə yoxdur. Başınla dostluq etməyi bacarırsansa, istənilən işin öhdəsindən gələcəksən. Bir də ki, iki ali təhsilim var, bəlkə də buna görədir (gülür).
- Mənzil və obyektlərin enerji sistemi ilə məşğulsuz yəqin.
- Ev, villa, iri və kiçik obyektlər, elektrik və naqil olan istənilən yerdə ola bilərəm. Sizi inandırım, bu işi çox sevirəm. Sanki mənim üçün düşünülüb. Həm də maddi qazanc tərəfi yaxşıdır.
- Narazılığıınız yoxdur deməli.
- Mən heç vaxt naşükürlük etməmişəm. Hətta həyatımın ən çətin dönəmlərində belə, yaxşı olacağına ümid etmişəm, işıqlı gələcəyi düşünmüşəm. Bu yaşıma qədər həyatda nə etmişəmsə, nə bacarmışamsa, tək başıma etmişəm. Əllərim və ayaqlarımla, təbii ki, başımın və ağlımın köməkliyi ilə.
- Keçmiş futbolçuların bəziləri futboldan uzaq düşdüyünə görə peşmandır. Hətta bir nəfər söhbətimiz zamanı demişdi ki, ağlım olsaydı, vaxtında məşqçilik kurslarına yazılardım, hansısa klubda işləyərdim. Sizin yanaşmanız fərqlidir.
- Məşqçiliyə başlayanların böyük əksəriyyəti ilk addımlarını uşaq futbolunda atır. Azyaşlılarla çalışmaq böyük səbr tələb edir, bu, hər adam üçün deyil. Vaxtilə mənimlə çiyin-çiyinə oynayan, indi məşqçilik edən yoldaşlarla danışanda çətinlik çəkdiklərini hiss edirəm. Başqaları üçün necə olduğunu deyə bilmərəm, şəxsən futbol dünyasından məişət həyatına keçiddə çətinlik çəkmədim. Məsəl var, məişət sahəsində işləyirsənsə, heç vaxt çörəksiz qalmayacaqsan. Bacarıqlı mütəxəssislər üçün qapılar hər zaman açıqdır. Maraqlı tərəfi bilirsiz nədir?
- Nə?
- Futbol təsərrüfatında hamı bir-birini tanıyır. Sağa baxırsan, tanıdığın, sola baxırsan, onu da tanıyırsan. Amma burda belə deyil. Hər gün yeni tanışlıqlar, yeni simalar, yeni söhbətlər olur. Bəzən adamla müştəri-usta münasibətində tanış olursan, bir də baxırsan ki, yaxın dosta çevrilmisiz. Yenə deyirəm, bu sahəni seçdiyim üçün qətiyyən peşman deyiləm. Əksinə, zövq alıram, fəxr edirəm.
- Olub ki, sifarişlə evə, yaxud obyektə getmisiz, müştəri sizi tanıyıb, futbolçu olduğunuzu bilib.
- Nəinki tanıyıb, necə lazımdır tanıyıb (gülür). Tək sifarişdə yox, metroda, marketdə, çox yerdə tanıyanlar, yaxınlaşanlar olub. Hətta bir nəfər demişdi ki, o cür futbolçu karyerasından sonra şəhərin tanınmış eletriklərindən birinə çevrilmək asan iş deyil. Açığı, mənə qalsa, keçmişdə futbolçu olduğumu demirəm. Bunu artıq hesab edirəm. Futbol oldu, bitdi. Öyünməyin mənası yoxdur.
- Azərbaycan futbolu maraqlanırsız? Premyer Liqadan, millilərdən, klublardan xəbəriniz var?
- Açqı deyim? Futbola vaxt ayıra bilmirəm. Səhər evdən çıxıram, bəzən gecəyarısı gəlirəm. Onda da televizorun qarşısında oturmağa halım olmur. Bəzən “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxmaq da alınmır. Halbuki əvvəldən planlayıram, vaxt ayırıram. Gecə saatlarında başlayan Çempionlar Liqasının bəzi matçıarına baxmaq imkanım olur. Ancaq Premyer Liqa, yaxud milli komandaları təəssüf ki, görmürəm. Həm də maraqlı gəlmir, açığı.
- Niyə?
- Nəyəsə baxmaq üçün orda maraq, prinsip, rəqabət olmalıdır. Bir “Qarabağ”dır, özü üçün oynayır, hər il çempion olur.
- Bu mövsüm “Sabah” çempionluğa çox yaxındır. Turnir cədvəlində “Qarabağ”ı 10 xal qabaqlayır.
- Vasya gələndən sonra (“Sabah”ın keçmiş baş məşqçisi Vasili Berezutskini nəzərdə tutur – H.) “Sabah”da irəliləyiş müşahidə olundu. Hələ də odur baş məşqçi?
- Yayda ayrıldı. İndi Valdas Dambrauskas cavabdehlik daşıyır.
- “Sabah” “Qarabağ”ı qabaqlayırsa, deməli, yaxşı pullar peyda olub. Müasir futbolda hər şeyi pul həll edir. Yaxşı büdcən varsa, top-futbolçular alıb istəyinə çatırsan. Ancaq bir şərtlə, seleksiyan yaxşı olmalıdır. “Qarabağ” neçə illərdir nəyin hesabına uğur qazanır? Ağıllı və düzgün seleksiyanın. Qurban Qurbanova halal olsun, keyfiyyətli işlər görür. Çempionatda rəqabət olsa, “Qarabağ”ın avrokuboklardakı nəticələri bir az da yaxşılaşar.
- Keçmiş komanda yoldaşlarınızdan kiminlə əlaqəniz qalıb?
- Üz-üzə gələndə hamısı ilə söhbət edirəm, danışıram. Ancaq mütəmadi danışdığım, hal-əhval tutduğum Mehman Yunusovdur. 20 ildir deyirik, yığışaq, görüşək, danışaq, ötən illəri yada salaq. İnanın, vaxt tapmaq olmur. Bəlkə də çoxu elə bilir Ukraynaya qayıtmışam, burda yoxam.
- Vaxtilə isti münasibətdə olmadığınız Ağasəlim Mircavadovla necə?
- Mənim üçün o adda adam yoxdur.
- Niyə?
- “Niyə”si dərin mövzudur. Hələ “Şəmkir”də oynadığım dönəmdə o adam məni xoşlamırdı, soyuq münasibət göstərirdi. Əsas heyətdə yer almamağım üçün əlindən gələni edirdi. Məşqlərdə o qədər qaçmalı, çalışmalıydım ki, “11-lik”də şans qazanım. O da bəlkə.
- Səbəbini bilmirsiz?
- Bəzi məşqçilər var ki, oyundan sonra futbolçunun pivə, yaxud spirtli içki qəbul etməsinə, siqaret çəkməsinə anlayışla yanaşmır. Mircavadov belə vərdişlərə qarşı idi. Halbuki dünya futbol ulduzlarının arasında içənlər də var, çəkənlər də. Hətta məşhur “Spartak”lı Fyodr Çerenkovun müqaviləsində siqaret çəkməsinə icazə verildiyi ilə bağlı xüsusi bənd yer almışdı. Oleq Romantsev Çerenkovun siqaret çəkməsinə önəm vermirdi.
- “Şəmkir”də sizdən başqa içib-çəkən yox idi ki?
- Çəkən də var idi, içən də. Elə möhtəşəm və ağlasığmaz kollektivimiz var idi ki, sözlə ifadə etmək çətindir.
- Elədirsə, Mircavadov niyə məhz sizi “qaralamışdı”?
- Bilmirəm, bilmirəm. İnanın, heç maraqlı da deyil mənə. Bəzən üzümə gülürdü, zarafat edirdi, ancaq bilirdim ki, içindən gəlmir, bu, sevgi deyil.
- Badri Kvaratsxeliya ilə necə, danışırsız?
- Kvara ilə əvvəl “feysbuk” üzərindən danışırdıq. Xeyli vaxtdır əlaqəmiz yoxdur. Axırıncı dəfə Tiflisə gedəndə qonağı olmuşdum. İndi işi-gücü çoxdur, Xviçaya da bravo, PSJ-də yaxşı işlər görür.
- Xviçanın uşaqlığı yadınıza gəlir?
- Əlbəttə-əlbəttə. Badrinin xanımı Maka, balaca, çəlimsiz Xviça... İndi PSJ-də “partladır”. Leonid Slutski sağ olsun, Xviçanı “Rubin”də böyük futbolçu elədi. Yuri Syominə də alqış düşür. “Lokomotiv”də Xviçanı “rəndələdi”, öyrətdi, böyütdü. İndinin özündə Xviçanı görmək, oyunlarını izləmək üçün Framsaya gedib-gəlir. Kvaranın bəxti gətirdi ki, həm yaxşı məşqçilərin, həm də bacarıqlı agentlərin əlinə düşdü.
- Karyeranızın ən parlaq illəri heç şübhəsiz, “Şəmkir”lə bağlıdır. 1999-cu ildə “Bakılı”dan “Şəmkir”ə keçidi necə xatırlayırsız?
- “Bakılı”da 2 il oynayandan sonra Ukraynaya qayıtmaq istəyirdim. Hətta təyyarə bileti əlimdə idi. Telefonuma zəng gəldi, “Şəmkir”in prezidenti Saşa dayı (rəhmətlik Şahbaz Süleymanov – H.) olduğunu bildirdi. Dedi, dur gəl “Şəmkir”ə, səni komandamda görmək istəyirəm. Getdim, danışdıq, razılaşdıq və beləcə uzun yola çıxdıq.
- “Şəmkir”dəki çempion olduğunuz ilk mövsümdən sonra da təkliflər başınızdan aşırdı, deyilmi?
- Çempion olan, çempionatın ikinci bombardiri adını qazanan, çox sayda qol vurub assist edən futbolçulara maraq böyük olur. Amma Mircavadov nə etdi? Götürüb maaşımı azaltdi. Halbuki idmançıya, futbolçuya stimul vermək istəyirsənsə, ilk növbədə onun məvacibi yaxşılaşdırmalısan.
- Baş məşqçinin bu cür münasibətini gördüyünüz halda, niyə “Şəmkir”i tərk etmirdiz?
- Saşa dayı xahiş elədi ki, getmə. Sırf ona görə komandada qaldım. Amma heç nə itirmədim. Müqavilədə bir rəqəm yazılmışdı, Saşa dayı mənə əlavə pul verirdi. Əsl kişi adı məhz onun üçün deyilmişdi. İnanılmaz dərəcədə möhtəşəm insan idi. Allah ona rəhmət eləsin.
- Rəhmətliyin məzarını ziyarət etmisiz?
- Məzarı Şəmkirdədir, inanın, indiyə qədər vaxt edə bilməmişəm. Saşa dayı dünyasını dəyişəndə xəbərim olmadı, heç kim mənə demədi. Xəbərim olsaydı, Bakıdan Şəmkirə ayaqyalın gedərdim. İlk dəfə əməliyyat olanda – birinci dəfə ayağını kəsəndə - “Şəmkir”də oynayırdım. Onda bütün komanda ilə birlikdə xəstəxanaya yanına getmişdik.
- Yadıma düşdükcə bir mövzunu qoyub o birinə keçməli oluram. “Şəmkir”lə ardıcıl iki çempionluqdan sonra sizə başqa klublardan təkliflər olmasına baxmayaraq, bütün dəvətlərə “yox” dediyinizi eşitmişəm.
- Bu, mümkün deyildi.Bütün klublar bilirdi ki, heç bir şəxs, heç bir məbləğ məni “Şəmkir”dən ayıra bilməz. Ona görə də özlərinə əziyyət vermirdilər. Ağasəlim Mircavadov gedib, Qəhrəman Əliyev gələndən sonra klubun eniş dövrü başlamışdı. Artıq bəzi futbolçular “Şəmkir”dən getmişdi, digərləri də yol üstəydi. O dövrdə mən yalnız bir komandaya keçə bilərdim, onda da prezident postuna yeni gələn Aslan Aslanov mənə böyük ümidlər verdi, hər şeyin yaxşı olacağını dedi deyə getmədim, qaldım.
- Hansı klubdan təklif almışdız?
- O dönəmdə “Qarabağ”ın baş məşqçisi İqor Ponomaryov idi. Məni komandasında görmək istəyirdi. Çünki “Şəmkir”dəki uşaqların çoxu ora üz tutmuşdu. İsmayıl Məmmədov, Mehman Yunusov, Aqil Məmmədov, səhv etmirəmsə, Azər Məmmədov – hamı “Qarabağ”a keçmişdi. Getmək istəmədim, “Şəmkir”də qaldım.
- Karyeranızın Azərbaycan səhifəsi ilə bağlı statistik məlumatlarınız var? “Bakılı” və “Şəmkir”də keçirdiyiniz oyunların, vurduğunuz qolların sayı.
- Əlbəttə, varımdır. Amma bilmirəm hara qoymuşam (gülür). O vaxt Ukraynada xaricdə oynayan ukraynalı futbolçular barədə kitab dərc olunmuşdu. Azərbaycanda uğurlu karyera quran, Çempionlar Liqasında qol vuran futbolçu kimi mənim də adıma yer verilmişdi. Məhz həmin yazıda statistika bilgiləri var idi.
- Mətbuatla ünsiyyəti sevmirdiniz. Bu, nə ilə bağlı idi?
- İnanırsınız, indi də beləyəm. Həm futbol oynayan vaxtlarda, həm də karyeramı bitirəndən sonra Ukraynadan jurnalistlər zəng edib, danışmaq istəmədiyimi bildirmişəm. Bu, bilmirəm nə ilə bağlıdır. Sadəcə həmişə sual-cavabdan qaçmışam. Bəlkə də xarakterimlə, təbiətimlə bağlıdır.Bəlkə də ulduz həyatını xoşlamadığıma görədir. Sakit həyatı sevirəm. Heç kimə dəyməyim, heç kim də mənə toxunmasın. 55 yaşım var, indiyə qədər ilk dəfədir belə rahat və səmimi müsahibə verirəm (gülür).
- Komanda yoldaşınız Badri Kvaratsxeliya kimi, sizin də Azərbaycan millisinin formasını geyinmək imkanınız var idi. Niyə baş tutmamışdı? Kim mane olmuşdu?
- Bəli, mənə dəvət gəlmişdi. Sənədləri hazırlamışdıq, lazım olan işləri görmüşdük. Badrinin İsveçə qarşı debüt etdiyi matçda mən də oynamalıydım. Ukraynanın Azərbaycandakı səfirliyi vətəndaşlığımı dəyişmək istədiyimi biləndə konsert başladı. Müxtəlif problemlər və əngəllər çıxdı ortaya. Nəticədə vətəndaşlığı dəyişib Azərbaycan pasportu ala bilmədim. Badriyə qismət oldu, mənə yox.
- Həyatınız Ukrayna, soyadınız Rusiya ilə bağlıdır.
- Mən tər-təmiz rusam. Sadəcə Ukraynada anadan olmuşam, Ukrayna vətəndaşlığını daşımışam. Kökümüz çox qarışıqdır. Anamın dayısı Kiyevdə yaşayıb, atamın nənəsi Bryanskda. Atam Kurskda anadan olub, anam Vladivostokda. Qardaşımla mən Mariuopolda doğulmuşuq. Anamın soyadı Ukraynaya xas idi - Kiriçenko. Mən atamın soyadını götürmüşəm. Bir sözlə, qarmaqarışıqdır, özüm də baş aça bilmirəm (gülür).
- Yekunda sizi tanıyanlara nə demək istəyirsiniz?
- Məni xatırlayan hər kəsə salam göndərirəm. Allahdan hər birinə can sağlığı, xoşbəxt həyat və xoş gələcək arzulayıram. Ən böyük arzum budur ki, həyatı sevsinlər, yaxşı insanlarla qarşılaşsınlar.
Həbib Aslanov
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XI
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

