Rəşad Sadıqovun “Turan”a ehtiramı - Düz yol tutmayan, qarğış edən rəhbər neyləyir?

15:00 Zirə 151
Rəşad Sadıqovun “Turan”a ehtiramı - Düz yol tutmayan, qarğış edən rəhbər neyləyir?

MƏNdən demək...

Rəşad Sadıqov Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Zirə” – “Turan Tovuz” qarşılaşmasından (0:0) sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

“Zirə” çempionatımızda azsaylı klublardandır ki, oyundan sonra baş məşqçinin mətbuat konfransını video ilə tam şəkildə sosial şəbəkə hesablarında paylaşır.

Bu, olduqca müsbət haldır. Çünki belə olan halda, onun fikirlərini olduğu kimi izləmək mümkündür və hamıya bəllidir ki, yazılı formada təqdim edilərkən bəzi fikirlər kontekstdən çıxarıla bilər.

Məsələyə keçək. Mətbuat konfransını izləyərkən diqqətimi çəkən əsas məqam Sadıqovun yenə də açıq və konkret danışması oldu.

“Turan Tovuz” azarkeşlərinin onun əleyhinə səsləndirdiyi şüarlarla bağlı verilən suala münasibət bildirərkən, “Şamaxı” – “Turan Tovuz” oyunundakı penalti epizodu barədə fikirlərinin azarkeşlərə yanlış çatdırıldığını qeyd etdi.

Bildirdi ki, guya onun penaltiyə sevindiyi və epizodun penalti olmadığını dediyi iddia olunub. Halbuki bu, açıq şəkildə fikrin təhrifidir.

Sadıqovu narahat edən əsas məsələ də məhz budur: onun sözlərini kim və hansı məqsədlə kontekstdən çıxararaq, azarkeşlərə ötürüb?

Açıq danışaq - burada qeyri-müəyyən heç nə yoxdur. Bu cür yanlış yönləndirmə təsadüfi deyil və böyük ehtimalla, “Turan Tovuz” rəhbərliyi tərəfindən azarkeşlərə bilərəkdən fərqli şəkildə çatdırılıb.

Ehtiram Quliyev və ümumilikdə klubun davranış xətti artıq uzun müddətdir ki, peşəkarlıqdan uzaq görüntü yaradır. Bu, ilk hal deyil.

Bir gün emosional açıqlama, qarğış etmək, digər gün bəyanat, başqa bir vaxt azarkeşləri qızışdıran addımlar – bu yanaşma sistemli problemə çevrilib.

Futbol idarəçiliyi bu deyil. Bu, daha çox emosiyalara uduzmaq, vəziyyəti düzgün analiz edə bilməmək və məsuliyyəti başqalarının üzərinə atmaq cəhdidir.

Burada iki ehtimal var: ya bu fikirlər birbaşa Ehtiram bəyin öz mövqeyidir, ya da o, ətrafındakı şəxslərin təsiri altındadır. Hər iki halda nəticə dəyişmir - ortaya qeyri-peşəkar idarəçilik çıxır.

İstənilən rəhbər şəxsin öz mövqeyi, öz məntiqi olmalıdır. Ətrafın təsiri ilə qərar vermək isə zəifliyin göstəricisidir.

Digər vacib məqam mental dəyərlərlə bağlıdır. Bizim cəmiyyətdə iki kişinin arasında deyilən sözün kənara çıxarılması, üstəlik, təhrif edilərək çatdırılması yaxşı qəbul olunmur.

Əgər Sadıqovun fikri kiminsə xoşuna gəlmirdisə, bunu onun özünə demək daha doğru və daha ləyaqətli yol idi. Məsələni dəyişdirib azarkeşləri manipulyasiya etmək isə nə etikdir, nə də peşəkar davranış.

Bu cür yanaşma nə kluba, nə də ümumilikdə Azərbaycan futboluna xeyir gətirir. Əksinə, gərginlik yaradır, münasibətləri korlayır və futbol mühitini zəhərləyir.

Futbol inkişaf etməlidir, şəxsi ambisiyalar və ucuz manipulyasiyalar hesabına deyil.

Sonda bir məqam aydındır: futbolda qarşılıqlı ehtiram əsas prinsiplərdən biridir. Ehtiram olmayan yerdə isə nə sağlam rəqabət olur, nə də inkişaf.

Bu tutduğun yolun sonu isə heç yaxşı görsənmir, yoldaş Quliyev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti