Premyer Liqada missiya tamamlandı - Bəs Avropada bizi nə gözləyir?

21:00 Sabah 204
Premyer Liqada missiya tamamlandı - Bəs Avropada bizi nə gözləyir?

Həftələr öncədən "Sabah" çempionluğun taleyini həll etmişdi.

Nöqtəni isə "Qarabağ"la mövsümün son qarşıdurmasında qoydu - 0:1.

Sona 5 tur qalmış Masazır təmsilçisini təbrik etmək olar.

"Sabah" bu mövsüm çempionluğu daha çox istədi və bu yolda daha çox mübarizə apardı.

Çempionluğu gətirən adam isə birmənalı olaraq Valdas Dambrauskas oldu. Əcnəbi mütəxəssis əsas rəqibi "Qarabağ"a qarşı komandasını əla hazırladı.

Autsayderlərə qarşı motivasiya azlığı hiss olunmadı.

Ardıcıl irhesablı qələbələr arxayınlıq yaratmadı.

Dünənki oyunda azlıqda qalandan sonra iynə ucu qədər boşluq verməyən müdafiə planı da onun adına yazılmalıdır.

Əsas hücumçuları Coy-Lens Mikels, Pavol Safranko sıradan çıxanda Xəyal Əliyevi hücumçu kimi kəşf etdi.

Ehtiyatda qalan Rəhman Daşdəmirov, Kahim Parris kimi oyunçular lazım olanda əsas heyət üzvü kimi meydanda çıxıb, əsas futbolçuların yoxluğunu hiss etdirmədi.

Siyahını çox uzatmaq olar.

Bütün bunlar məşqçi toxunuşlarıdır.

Çempionluq gətirən toxunuşlar.

Çempionluq ətrafında mövsüm ərzində çox söz-söhbətlər oldu.

Tanış mənzərədir. Guya əvvəlki illərdə olmayıb?

Ədalətli olası olsaq, bu komandanın çempionluğa layiq oynadığını deməliyik.

Əsas rəqibini 13 xal qabaqlamaq, 3 oyunda məğlub olmamaq...

Bu iki fakt çox şeyi deyir.

Əsas missiya isə bundan sonra başlayır - avrokuboklarda uğurlu olmaq.

Əvvəlki illərdə "Sabah" biləcəridən o tərəfdə ciddi uğurla yadda qalmayıb.

Amma "Qarabağ" xaric digər klublarımızla müqayisədə bərbad çıxış etdiyini də demək olmaz.

Hər dəfə ən azı bir mərhələ adlamaq mümkün olub. "Çelye", "Partizan", "Levski" kimi normal rəqiblərə uduzaraq mübarizəni dayandırıb.

"Partizan", "Makkabi" üzərində parlaq qələbələr hələ də xatırlanır.

Ən pis xatirə kimi hər iki oyunda qırmızı vərəqə aldığı İrlandiya təmsilçisi "Sent Patrik"sə məğlubiyyət qeyd oluna bilər.

Heyət, büdcə, keyfiyyət, təcrübə "Sabah"ın bu dəfə uğurlu çıxış edəcəyinə ümid verir.

Uğurlu dediyimiz minimum liqa mərhələsində iştirak etməkdir.

Çempionlar Liqasının əsas mərhələsi əlçatmaz görünür. Klub bunu bacarsa möcüzəni gerçəkləşdirmiş olar.

Avropa Liqası kifayət qədər real görünür.

Konfrans Liqasında isə iştirak baş tutmasa, buradakı çempionluğun da bir dəyəri qalmaz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti