“Sabah”ın və Azərbaycan millisinin üzvü Aleksey İsayev Sportinfo.az-a müsahibə verib.
Hər imkanda jurnalistlərlə ünisyyət qurmayan 30 yaşlı yarımmüdafiəçi komandasının Azərbaycan kubokunun yarımfinalında keçmiş komandası “Qarabağ”la bərabərə qaldığı (2:2) matçdan sonra bir çox mövzularla bağlı sualları cavablandırıb.
- Səfər oyunundakı heç-heçə yəqin ki, ürəyinizcədir.
- Bu hesab hələ heç nə demək deyil. Çünki qarşıda cavab görüşü var. Əsas odur ki, sürətli və intensiv oyun alındı. Yəqin ki, stadiona toplaşan azarkeşlərin ürəyincə oldu. Vacib mərhələyə qədəm qoymuşuq. Bundan sonra hər oyun, hər qələbə, hər xal çox önəmlidir. Bu dəqiqədən etibarən “Araz-Naxçıvan”la çempionat oyununu düşünürük.
- Səndən öncə “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə danışdım. O, komandasının finala yüksəlmək şanslarının daha çox olduğunu dedi. Təbii ki, şəxsi fikri olaraq.
- Koxanı çox sevirəm və hörmət edirəm. Elə deyibsə, deməli, inanır. Mən bu barədə şərh verməyəcəyəm. Dediyim kimi, qarşıda cavab matçı var.
- Ötən mövsüm “Qarabağ”daydın, bu gün “Sabah”dasan. Səncə, “Qarabağ” “Sabah”la oyunlarda niyə əziyyət çəkir?
- Çünki biz də çalışırıq, işləyirik, qarğıdalı keşiyi çəkmirik (gülür). Hər gün dayanmadan işləyirik, nələrisə öyrənirik, səhvləri düzəldirik, bir sözlə, peşəkarlıq göstəririk. “Qarabağ”a hədsiz hörmətim var. Deyə bilərəm ki, bu gün hər iki komanda bir-birinə layiqli rəqiblərdir.
- Aprelin 18-də Respublika stadionunda “Qarabağ”la çempionat qarşılaşmanız olacaq. Səncə, ağdamlılar çempionluq yolunda sizi büdrədə bilər?
- İndi nəsə demək istəmirəm. 18-ni gözləyək, görək, kim udacaq. Həmin oyundan sonra danışarıq.
- Növbəti turda – aprelin 7-də rəqibiniz olacaq “Araz-Naxçıvan”la oyun barədə nə deyə bilərsən?
- Sizi inandırım, çempionatda zəif rəqib yoxdur. Bütün komandalar bir-birinə layiqli müqavimət göstərir, gözlənilməz nəticələr qeydə alınır. Bəlkə də çoxları Premyer Liqanı düzgün qiymətləndirmir. Həqiqətən inanılmaz rəqabətin yaşandığı güclü çempionatdır. İstənilən rəqibdən təhlükə gözləməyə dəyər. “Araz-Naxçıvan” layiqli rəqibdir, keyfiyyətli futbolçuları var. Bu dəqiqə onların da xallara ehtiyacı var. Qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Biz də bu oyuna sonuncu matç kimi hazırlaşacağıq. Qələbə, qələbə və qələbə.
- Aradakı ilyarımı çıxsaq, 2020-ci ildən “Sabah”dasan. İndiki komandanı klub tarixinin ən güclü heyəti və komandası saymaq olar?
- Bundan da yaxşı olacaq. Görəcəksiniz. Allahın köməkliyi ilə daha yaxşı işlər görəcəyik. “Sabah”da olduğum illər ərzində hər komanda özünə görə güclü olub. Futbolçu olaraq suala konkret cavab verməyim etik cəhətdən doğru olmaz. Mütəxəssislər daha yaxşı bilir və görür.
- “Qarabağ”a böyük ümidlərlə getmişdin, lakin “Sabah”dakı oyununu göstərə bilmədin və geri qayıtdın. Buna nə səbəb oldu? Niyə alınmadı?
- Bəlkə də nə vaxtsa bu barədə kitab yazacağam (gülür). Ancaq indiki məqamda geniş danışmağın, detallara varmağın mənası yoxdur. Bir onu deyə bilərəm ki, orada böyük təcrübə qazandım.
- Futbol, yoxsa həyat təcrübəsi?
- Hər ikisini. Hər gün yeni nəsə öyrənməyə çalışırdım və dayanmaq fikrim yox idi. O dönəmdə mənə kömək edən, zədədən sonra bərpa olunmağımda rolu keçən hər kəsə təşəkkür edirəm. Çünki son 2 ildə zədələrdən çox əziyyət çəkdim. Hələ də ideal formamdan uzağam. Lakin ona doğru getməyə çalışıram. Məşqçilər heyəti, personal, futbolçu yoldaşlarım – hamı yardım əliniz uzadır ki, tezliklə əvvəlki formama qayıdım. Yenə deyirəm, “Qarabağ”da keçən günlərimə görə oradakı insanlara təşəkkür edirəm.
- Sözün əsl mənasında, yoxsa sətiraltı?
- Sətiraltıya ehtiyac yoxdur, sözün əsl mənasında təşəkkür edirəm. Elə adam deyiləm ki, kiməsə söz atım, xoş olmayan söz deyim. “Qarabağ”da böyük təcrübə qazandım və bu işdə əməyi olan hər kəsə minnətdaram.
HƏBİB

