“Sabah” çətin “Araz-Naxçıvan” səfərindən xalla qayıtmağı bacardı.
Meydan sahibləri hesabda iki dəfə önə çıxmasına baxmayaraq, yekunda 3 xala “tələbələr” sevindi – 4:2.
Sportinfo.az-a müsahibə verən “Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov bir sıra məqamlara aydınlıq gətirib.
- Belə başlanğıc və sonluq gözləyirdin?
- “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var. Xüsusən hücumameyilli oyunçuları olduqca təhlükəlidir. Onlara qarşı mübarizə aparmaq asan deyil. Ona görə də bu cür gedişat bizi təəccübləndirmədi. Sadəcə ilk hissədə kobud və yersiz səhvlərə yol verərək qapımızda qollar gördük. Rəqib futbolçular öz səhvlərimizə görə bizi cəzalandırdı. Fasilədən sonra üstünlüyü tam ələ alaraq daha iki qol vurub layiqli qələbə qazandığımızı düşünürəm.
- Rəqib futbolçular sizə nisbətən sanki gümrah görünürdü. Bu, 4 gün əvvəl “Qarabağ”la kubok matçında güc itirməyinizlə bağlı ola bilər?
- Bu da mümkündür. Ancaq ilk hissədə yol verdiyimiz səhvləri yorğunluqla əlaqələndirməzdim. Sadəcə oyuna nəzarəti itirdik və sadə qollar buraxdıq.
- “Araz-Naxçıvan”la görüşdə xallar itirsəydiniz, “Qarabağ”la xal fərqi azalacaq, “Zirə”ylə, daha sonra “Qarabağ”la qarşıdakı oyunlara köklənmək asan olmayacaqdı. Bu qələbədən sonra çempionluğa doğru iri addım atdığınızı düşünürsən?
- Rəqiblərin adına baxmağın tərəfdarı deyiləm. Hansı komanda olmasına baxmayaraq, hər qazandığımız qələbə bizi uğura yaxınlaşdırır. Bu gün udub, sabah uduza bilərik. Dediyim kimi, hər oyuna qaliob gəlmək üçün çıxırıq və yalnız bunu düşünürük. Rəqiblərin adlarına xüsusi önəm vermirik.
- Çempionluq və kubok. Hansının qalibi olmaq daha real görünür? Olmaya “qızıl dubl”?
- Niyə də yox?! Hər iki cəbhədə yaxşı şansımız var. Bu imkandan maksimum istifadə etməyə çalışacağıq. Bu gün hər ikisi realdır. Sonda necə olacağını zaman göstərəcək.
- Gücünüz çatacaq?
- Nə qədər çatacaq, o qədər də oynayacağıq, mübarizə aparacağıq. Qarşımızda konkret hədəf yoxdur ki, bu yarışı udmalısan. Harada varıqsa, orada uğur qazanmaq istəyirik.
HƏBİB

