“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer komandanın baş məşqçisi Eddi Hou ilə bağlı açıqlama verib.
“Sağsağanlar”ın “Bornmut” qarşısında 1:2 hesablı məğlubiyyəti komandanın Premyer Liqada ardıcıl dördüncü yenilgisi olub.
Sportinfo.az “The Rest Football”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu hazırkı vəziyyətin Hounun gələcəyini ciddi sual altında qoyduğunu bildirib:
“Hazırkı vəziyyətdə onun qalmasını istərdim, amma qalmaq üçün şansı olacaqmı? Klub oyunçularını satmalı olacaqmı? Təəssüf ki, mən Hounu gələn mövsüm “Nyukasl”da görmürəm”.
O, həmçinin, futbolçuların davranışını da tənqid edib:
“Oyunçular onu sanki tək buraxıblar, dəstək vermirlər. Bu, “məşqçi üçün mübarizə” adlanırsa, çox pis vəziyyətdir. Oyunçular onu sanki avtobusun altına itələyiblər”.
“Nyukasl” hazırda Premyer Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

