“Prezident sağ olsun, mükafatın məbləğini bir az artırdı” – Kapitanla 3 dəqiqə

16:40 Müsahibə 249
“Prezident sağ olsun, mükafatın məbləğini bir az artırdı” – Kapitanla 3 dəqiqə

“İmişli” qələbəsizlik seriyasına son qoymağı bacardı.

Sonuncu dəfə 3 xalın nə olduğunu 5 ay əvvəl – noyabrın 23-də “Neftçi” üzərində qazanan bölgə təmsilçisi 14 oyundan sonra bu həzzi dadmağı bacardı.

Qəbələdə yerli komandanın qonağı olan imişlililər Dioqo Rollonun qolu ilə meydanı qalib tərk edib 9-cu pillədəki yerini bərkitdi.

Sportinfo.az-a müsahibə verən Azər Salahlı matçla bağlı sualları cavablandırıb.

- Çətin Qəbələ səfərində qalib gəlməyiniz təəccüb doğurdu. Hər halda 5 aydır qələbə qazana bilmirdiniz.

- Çempionatdakı yeri qorumaq uğrunda dörd komanda arasında ciddi mübarizə gedir. Bu oyunun əhəmiyyəti bizim üçün olduqca vacib idi. Çünki məğlubiyyət ciddi problemə yol aça bilərdi. Üstəlik, “Qəbələ” ötən həftə “Kəpəz”i məğlub etmişdi, həm də özünə doğma olan meydanda oynayırdı. Ümumiyyətlə, burada oynamaq rəqib komandalar üçün heç də asan deyil. Xarakter göstərdik, mübarizə apardıq və lazım olan 3 xalı qazandıq. Nəhayət, “qara zolaq”dan çıxmağı bacardıq.

- Qələbədə əsas rolu nə oynadı?

- İntizamlı oynamağımız və hər top uğrunda mübarizə aparmağımız deyərdim. “Sabah” və “Neftçi” məğlubiyyətləri komandaya pis təsir etmişdi. Ağır yenilgilərə reaksiya vermək istəyirdik. Psixoloji cəhətdən hər nə qədər ağır olsa da, bunu bacardıq. Ötən tur “Turan Tovuz”la heç-heçə oynadıq, halbuki qələbə də qazana bilərdik. Bu dəfə vacib görüşdən 3 xalla ayrıldıq. Əvvəlki matçlarda yol verdiyimiz səhvlərdən nəticə çıxarıb daha düzgün oynamaqla vəziyyəti nisbətən yaxşılaşdırdıq.

- Bu qələbədən sonra sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqi 15-ə, 11-ci yerdəki “Qəbələ” ilə 7-yə yüksəldi. Elitada qalmaq tapşırığının öhdəsindən gəldiyinizi demək olar?

- Xeyr-xeyr. Qarşıda 6 tur var və bizi çətin oyunlar gözləyir. Sonuncu pillədən bəlkə də uzaqlaşmışıq. Lakin 11-ci pillə ilə fərq elə də böyük deyil. 2-3 turdan sonra hər şey dəyişə bilər. Növbəti tur “Kəpəz”lə qarşılaşacağıq, daha sonra çətin rəqiblərlə oynayacağıq. Ona görə də son dərəcə məsuliyyətli və ehtiyatlı olmalıyıq.Məsələ rəmiləşməyənə qədər elitada qaldığımızı düşünmək olmaz.

- Klub prezidenti Kamran Eyyubov hədsiz sevincli görünürdü. Bu gün həm də onun ad günüydü. Rəhbərin xoş əhval-ruhiyyəsi qələbənin mükafatına təsir etdi?

- (gülür) Kamran bəy sağ olsun, mükafatın məbləğini bir az artırdı.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti