“Qarabağ”ın “Sabah”a uduzduğu sonuncu oyundan sonra (0:1) məğlub komandanın futbolçuları çıxış yolunu müsahibə verməməkdə gördü.
Biri arxa qapıdan yoxa çıxdı, digəri danışmaq istəmədiyini bildirdi, bir başqası tələsdiyini deyib üzrxahlıq etdi.
“Köhlən atlar”ın polşalı qapıçısı Mateuş Koxalski isə həmişəki kimi səmimiyyət nümayiş etdirərək Sportinfo.az-ın suallarını cavablandırdı.
- Nə baş verdi?
- Çox-çox vacib oyunda məğlub olduq. Bitdi, bura qədərmiş. Bundan sonra kuboka köklənməli, titul uğrunda mübarizə aparmalıyıq. Nələrisə dəyişib xarakter göstərməliyik. Başqa cür alınan deyil.
- Coy-Lens Mikelsin penalti zərbəsini dəf edən anda qələbə qazanacağınıza inamın artmışdı yəqin ki.
- Hakimin final fitindən əvvəl nəsə planlaşdırmağı, düşünməyi, bayram etməyi xoşlamıram. O qədər görmüşük ki, 1 dəqiqənin içində hansısa komanda 2 qol vurub. Ona görə də zərbəni dəf etməyimə sakit yanaşdım. Həmin seyvin komanda yoldaşlarımı ruhlandıracağını düşündüm.
- Çempionlar Liqasında gördüyümüz “Qarabağ” hanı?
- (düşünür) Çətin sualdır. Nə deyəcəyimi bilmirəm. Bu dəqiqə bu sualı cavablandıracaq halda deyiləm. Bəlkə nə vaxtsa geniş danışarıq.
- Çempionluq münasibəti ilə “Sabah”ın futbolçularını təbrik etdiniz, yoxsa hələ tezdir?
- Həyatda hər şey mümkündür. Bəzən ağlına gətirmədiyin şey gerçək olur. Lakin reallıq anlayışımnı unutmamalıyıq. “Sabah”ın növbəti 5 oyunun 3-də məğlub olacağı inandırıcı görünmür.
- “Qarabağ”da olmaqdan məmnunsan?
- Əlbəttə, əlbəttə. Bunu hər zaman və hər yerdə deyirəm. Klub, komanda, ölkə, mentalitet, insanlar – hər şey ürəyimcədir.
HƏBİB

