“Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov Sportinfo.az-a qonaq oldu.
20 ilə yaxın müddətdə Premyer Liqada klub funksioneri kimi fəaliyyət göstərən, təxminən 6 il AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan tanınmış futbol adamı ilə söhbət yerinə düşdü.
Yaşar bəylə müsahibədə təkcə “Dinamo” ilə yox, həm də Azərbaycan futbolunun bu günü və sabahı ilə bağlı suallara cavab tapmağa çalışdım.
- II Liqanın ortabablarından olan “Dinamo” ölkə futboluna nə qazandırır?
- Bu gün “Dinamo”nun 10 komandası AFFA-nın Gənclər Liqasında iştirak edir. Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyevin çıxışına baxdım, deyir, II Liqa komandasından 20 futbolçunu və məşqçini yığışdır, ortada heç nə qalmayacaq. Bu, doğru yanaşma deyil.
- Niyə?
- “Dinamo”da 15, 16, 17, 19 yaşa qədər futbolçulardan ibarət komandalarında 300-ə yaxın gənc var. Hazırda U-19 komandamızın şərəfini qoruyan bəzi futbolçular bu gün Premyer Liqa təmsilçisi “Səbail”ə qarşı forma geyindi. Həmin 300 nəfər sosial lahiyənin tərkib hissəsidir. Onların sağlam həyat tərzi, pis vərdişlərdən uzaq olmaları, daim idmanın içində yer almaları çox vacib amildir. II Liqada özlərini göstərməklə I Liqa, hətta Premyer Liqa klublarının diqqətini çəkə bilərlər. Biz ilk növbədə futbolun siyasətini düzgün qurmalıyıq. Heç bir sponsorsuz, heç bir maliyyə dəstəyi olmadan “Dinamo”nun bəlkə də Premyer Liqa təmsilçilərindən daha çox sayda gənclər komandaları var.
- “Dinamo”nun futbolçuları maaş alırlar?
- Az da olsa, hamısı aylıq məvacib alırlar. Həftədə dörd dəfə məşqdir, bir gün oyun, iki gün istirahət. İşimizi plana uyğun qurmuşuq, heç bir problem yoxdur. Sadəcə, peşəkar səviyyədə məşğul ola bilmirik. Geyim dəstləri, qidalanma, məskunlaşma, rejim – bu kimi cəhətlərdə axsayırıq. Aralarında başqa sahələrdə işləyənlər, təhsil alanlar da var.
- Əhatə dairəniz kifayət qədər genişdir. Nə əcəb kluba sponsor tərəfdaşlar cəlb edərək iddialı komanda yaratmaq istəmirsiniz?
- İş adamlarınınm futbola pul xərcləməsi üçün strategiya, zəmanət, stimul, dövlət tərəfindən hansısa mənada dəstək olmalıdır. Fikir verin, Premyer Liqada komandalarının ev oyunlarını keçirdiyi stadionların heç biri klubun balansında deyil. Bildiyimə görə, yalnız “Qarabağ” istisnadır. Qalanlarının oynadığı stadionlar AGİN-ə, AFFA-ya, ya da başqa qurumlara məxsusdur. Futbola sponsor cəlb etmək üçün ilk növbədə Dövlət Proqramı tərtib olunmalı, hansısa formada stimullaşdırma olmalıdır. Dövlət tərəfindən dəstək olmasa, futbolumuz elə bu gündə qalacaq.
- Funksioner kimi zəngin təcrübəyə sahibs olsanız da, AFFA-da vəzifə sahib deyilsiniz. Bu, sizə təsir edir?
- Hazırda “Dinamo” ilə maraqlanıram, diqqətimi gənclərin inkişafına ayırmışam. Dediyiniz məsələ barədə düşünməmişəm. Əlbəttə, düşüncələrimiz böyük işlər üçün hesablanıb, təşkilatçılıq və yaradıcılıq planında hansısa işlər görə bilərik.
- Prezident postunda Rövnəq Abdullayevi Rövşən Nəcəfin əvəz etməsindən sonra təklif gözləyirdiniz?
- Gözləmirdim və düşünmürdüm. Rəhbərlik yeni komanda formalaşdıran zaman tərkibdəki adlara baxanda hiss olunurdu ki, orada təcrübəli futbol adamları yer almır. Ona görə də bu məsələdə hansısa gözləntim yox idi.
- 2005-2015-ci illəri əhatə edən Futbolun İnkişafına dair Dövlət Proqramı iflasa uğradığını xatırlayırsınız. Bu dəfə nə dəyişəcək ki?
- Həmin illəri əhatə edən Dövlət Proqramının müddəti başa çatandan sonra bu barədə nə haradasa müzakirə aparıldı, nə də hesabat verildi. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxışında qeyd edib ki, yeni proqram 2025-2028-ci illəri əhatə edəcək. Öncəki Dövlət Proqramındakı boşluqlar var idi. Bu dəfəki proqramı nəzarətdə saxlamaq mütləqdir. Məsul şəxslər, yəni kim hansı sahəyə cavabdehlik daşıyacaqsa, 6 aydanbir həm dövlət rəhbərliyinə, həm də ölkə ictimaiyyətinə görülən işlərlə bağlı hesabat verməlidir. İşlər bu şəkildə qurulmasa, öncəki illərin təkrarı olacaq. Əvvəlki nöqsanlardan nəticə çıxarmaqla hər bir işə daha ciddi, daha mükəmməl yanaşmaq lazımdır.
- Bildiyimə görə, Azərbaycanda futbolun inkişafına dair Təkliflər Toplusu hazırlayaraq AFFA rəhbərliyinə təqdim etmisiniz.
- Bəli, hələ avqust ayında strategiya ilə bağlı məktub hazırlayaraq AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə göndərmişəm. Orada bir çox sahələrdə görülməli olan işlər incəliklərinə kimi qeyd olunub. Əsas yol xəritəsi odur ki, Azərbaycanda Futbolun İnkişafına Dəstək Fondunun yaradılmasıdır. Ölkəmizdə sahibkarların inkişafı üçün müstəsna xidmətləri olan Orta və Kiçik Sahibkarlara Dəstək Fondu var və bu yöndə müsbət irəliləyiş müşahidə olunur. Onun alternativi olaraq Azərbaycanda Futbolun İnkişafına Dəstək Fondu formalaşdırıla, idarə, təşkilat və müəssisələr bu fondun tərkibində fəaliyyət göstərə bilər. Tək bu məsələ deyil, Təkliflər Toplusu özündə çoxşaxəli inkişaf strategiyasını əks etdirir.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.