“Uşaqlıqdan bu idman növünə böyük marağım var idi.
Həmişə dərslərimi oxuyandan sonra həyətdə dostlarımla futbol oynayardım”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Baku TV-yə hazırda hakim-inspektor kimi fəaliyyət göstərən sabiq FIFA referisi Zöhrab Qədiyev deyib.
Qədiyev futbola olan sevgisindən söz açıb:
“Məni “Anatoli Banişevski” adlandırardılar. 1990-cı il aprelin 20-də “Neftçi”nin əsas heyətində çıxış etdiyim oyun ən yaddaqalan matçımdır.
Futbol gözümü açdı. Bu yolu seçdiyimə görə özümlə fəxr edirəm”.
O həmçinin futbol hakimi kimi fəaliyyətindən danışıb:
“Hakimlik ikinci hobbimdir. 35 yaşımda futbolçu karyeramı bitirdim və 36 yaşımda hakimliyə başladım.
Bu sahə daha çətindir. Hazırda hakim-inspektor kimi çalışıram. Tovuza oyunlara gedəndə məni ayaqüstü alqışlayırlar. Bu hörməti orada qazanmışam”.
Zöhrab Qədiyev eyni zamanda günümüzün və keçmişin futbolunu müqayisə edib:
“O vaxtlar futbol təhlükəli olsa da, çox güclü idi. Texniki cəhətdən imkanlar indiki kimi deyildi və tamaşaçılar rahatlıqla oyun meydançasına girə bilirdilər.
Günümüzün futbolçuları çox qaçırlar, effekti də olmur”.

