Birinci Liqanın 6-cı turu çempionluğa iddialı iki komandanın - "Şəfa" və "Səbail" qarşıdurması ilə yadda qaldı - 2:2.
Bayıl təmsilçisinin kapitanı Yusif Nəbiyev Sportinfo.az-a müsahibə verib.
- Çempionluq yolunda əsas rəqibinizlə oyun bərabərlik qeydə alındı. Oyun barədə nələr deyə bilərsən?
- Maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Amma ehtiyatı da əldən vermirdik. Səfərdə 1 xal yaxşıdır. Əlbəttə, qələbə olsa daha yaxşı olardı. Amma əsas məğlub olmamaqdır.
- Əsas uduzmamaq idi, yoxsa bir xala sevinmədiniz?
- Belə görüşlərdə məqsəd məğlub olmamaqdır. Bir xal qənaətbəxşdir.
- Görünən odur ki, "Şəfa" hələ uzun müddət mübarizədən qopmayacaq. Bu məqam narahatlıq yaradır?
- Xeyr, heç bir narahatlıq yoxdur. Hələ qarşıda oyunlarımız çoxdur.
- Ümumi birinci Liqanın vəziyyəti barədə nələr deyə bilərsən?
- Birinci Liqanın səviyyəsi deyəndə ki... Əsas liqa ilə fərqlər çoxdur. Stadionlar, soyunub-geyinmə otaqları normal deyil. Adi bir şeyi deyim.
- Buyur...
- Meydançaları sulamaq belə yoxdur. Bu da oyunlarda çətinlik yaradır.
- Premyer Liqanı yəqin ki, izləyirsən. Kənardan daha yaxşı görünür bir çox şeylər. Ötən illə müqayisədə nələr dəyişib? Səviyyə barədə nələr deyə bilərsən?
- Bəli, izləyirəm. İştirak etmədiyim liqadan nəsə demək düz olmaz. Belə yaxşı, maraqlı oyunlar olur.
- Son olaraq elita üçün darıxırsan? Heç bu barədə yüksək liqa təcrübəsi olan komanda yoldaşlarınla dərdləşdiyiniz anlar olur?
- Olmur desəm yalan olar. Oyunlara baxanda adam darıxır. İnşallah, komanda olaraq ora qayıtmaq üçün vuruşacağıq.
XANOĞLAN İMANOV

