Azərbaycan futbolunda ciddi yerli oyunçu qıtlığı var.
Hər keçən gün vəziyyət daha da pisləşir.
Bu gün milli komandaya həqiqətən layiq olan maksimum 20 oyunçu saymaq olar.
Namizəd olan, zaman-zaman dəvət alan digər 20-25 məcburiyyətdən bu şərəfə layiq görülür.
Rəşad Sadıqovun "Sumqayıt"la matçdan sonra verdiyi açıqlama durumun ciddiliyini bir daha gözlər önünə sərmiş oldu.
Təcrübəli mütəxəssis "Zirə"də gənclərə şans verilməməsi ilə bağlı şəxsinə ünvanlanan
"2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir "Zirə"də çalışırsız. Bu illər ərzində Cəlal Hüseynovdan gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı varmı" sualına
"Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynayacağıq. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tab gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar".
Biz də mövzunun izinə düşüb, niyə "Zirə"də əsas komanda üçün yaxşı gənclərin yetişmədiyini araşdırmağa çalışdıq.
Təbii ki, bunu hamıdan daha yaxşı biləcək şəxs son 4 ilin klubun akademiyasında koordinator kimi çalışan, paralale olaraq əvəzedici komandanın baş məşqçi postunda yer alan Zaur Həşimovdur.
Təcrübəli mütəxəssis mövzu ilə bağlı Sportinfo.az-a açıqlamasında bunları dedi:
"Rəşad müəllimin fikirləri ilə tam razıyam. Əsas komanda da oynaya biləcək gənc oyunçu yetişdirmək bizim şərtlərdə çətin məsələdir.
Düzdür, son 2 ili akademiya olaraq çox inkişaf etmişik. Bütün yaş qruplarımız oynadıqları liqalarda uğurlu çıxış edir. Demək olar ki, bütün yaş qrup millilərində, hətta U-21 yığmasında da "Zirə"ni təmsil edən gənclərimiz var.
Rəhbərlik də bizə lazımı dəstəyi verir. Burada bizdən asılı olmayan çox məqam var. Msail üçün, məşq meydançalarımızın şəhərdən kənarda və bir qədər pis vəziyyətdə olması işimizi ağırlaşdırır. Seçim qarşısında qalan uşaqlar şəraiti daha yaxşı olan akademiyanı seçirlər. Səbəblərdən biri və deyərdim ki, ən əsası komandalarımızda inkişaf edən gənclərə digər klublardan gələn təkliflərdir. Demək olar ki, bütün valideynlərin arzusu övladlarının daha adlı-sanlı komandalarda forma geyinməsidir.
Əlbəttə ki, valideynlərə tələsməməyi tövsiyyə edirik. Əfsuslar olsun ki, bu illər ərzində bir çox istedadlı gənc komandamızı bu üzdən tərk edib. Biz də bilirik ki, komandalarımıza bacarıqlı uşaqlar cəlb etmək üçün yaxşı maliyyə sərf etməliyik. Bu, hazırda bizim üçün real deyil.
Digər tərəfdən mövsümlərarası və dövrəarası qış fasiləsində əsas komanda ilə 4-5 gənc futbolçumuz toplanışda iştirak edir. Bəziləri il ərzində əsas komandada olurlar. Bu tendensiya neçə mövssüm dür ki, mütəmadi olaraq davam edir.
Əvəzedici heyətdən əsas komandaya gedib orada möhkəmlənə bilməyən bütün gənclər şansları əldən verir. Hazırda da Rəşad Sadıqov əvəzedici heyətdə çıxış edən bütün gəncləri tanıyır və bacarığına bələddir. Əminəm ki, o, debüt xətrinə hansısa gənc oyunçunu 5-10 dəqiqə oyuna buraxmaq istəmir. Onlardan Əhliman, Murad Qurbanovun yaxın gələcəkdə "Zirə"nin əsas komandasının aparıcı oyunçularından biri olacağına inanıram".
XANOĞLAN İMANOV

