"İstəməzdik belə hal yaşansın, amma..." - "Neftçi"dən gedən

13:00 Premyerliqa 147
"İstəməzdik belə hal yaşansın, amma..." - "Neftçi"dən gedən

"İmişli"nin müdafiəçisi Azər Salahlı Premyer Liqanın 9-cu turunda "Kəpəz"i məğlub etdikləri (3:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- "Kəpəz" üzərində böyük hesablı qələbə barədə düşüncələrin...

- "Çətin görüş keçəcəyini bilirdik. Hər iki komanda üçün vacib oyun idi. "Kəpəz" ötən tur böyükhesablı qələbə qazanmışdı. Biz də qələbə qazanaraq xallarımızı artırmaq istəyirdik. Buna nail olduğumuz üçün çox xoşbəxtik.

- Belə hesabın olması sizi də təəccübləndirdimi, yoxsa gözləyirdiniz?

- Əslində hesab daha böyük ola bilərdi. İkinci yarıda çoxsaylı qol epizodlarından yararlana bilmədik. Hesabın oyuna görə olduğunu düşünürəm.

- Qırmızı vərəqə olmasaydı, vəziyyət başqa cür ola bilərdi?

- Qırmızı vərəqəyə kimi də gərgin oyun oldu. İki komanda da yaxşı mübarizə aparırdı. Onu deyə bilmərəm ki, rəqib azlıqda qalmasaydı nələr olardı. Sonluqda qalib gəlməyimiz bizi sevindirir.

- Texniki məğlubiyyət olmasaydı, bu gün liderlər qrupunda idiniz. Hər ötən tur "Sumqayıt" oyunu sizi daha çox düşündürürmü?

- İstəməzdik belə hal yaşansın. Çox təəssüflənirik, amma neyləmək olar. Artıq olub və geridə qalıb. İrəliyə baxmaq lazımdır. Biz komanda olaraq düşüncəmizdə o 3 xalı silməmişik. Sadəcə turnir cədvəlində silinib.

- Mövsümün əvvəli ən çox tənqid edilən klub "İmişli" idi. Başverənlər sizə pis təsir edirdi, yoxsa daha çox motivasiya verirdi?

- Mövsümün əvvəlində çətin dönəmlər keçirdik. Çünki yeni yığılan, Premyer Liqada ilk dəfə iştirak edən komandaydıq. Çətinliklərin olması normaldır. Çox sevinirəm ki, çox xarakterli insanlar və futbolçular komandamızda cəmlənib.

- 9 tur arxada qalıb, hələ də uğurlu çıxışınız davam edir. Kasad heyət, yeni yığılan komanda ilə bunu bacarmağınızın sirri nədədir?

- Az öncə bildirdiyim kimi, komandada çox xarakterli insanlar var. Bilavasitə bunun çox böyük təsiri var. Əlbəttə, hər qələbə qazandıqca özümüzə inam daha da artır Daha çox çalışaraq bu uğurlu çıxışı davam etdirmək istəyirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti