"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib baş məşqçi Kaxaber Tsxadadzeni və "Qəbələ"ni təbrik edirəm. Onlar çox yaxşı komandadır. Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. "Qəbələ" bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir.Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.
- Elvin Camalov və Edvin Kuç uzun müddətdir oynamırdı. Onları start heyətində meydana buraxmaqla risk etmədiniz?
- Xeyr, risk deyildi. Bilirik ki, daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı.
- Sessi Dalmeydanın oynamamasının səbəbi Qəbələnin havası ilə bağlıdır?
- Xeyr, səbəb bu deyil. Düşündük ki, Elvin buranl tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır.
- Hücum xəttini dəyişəndən sonra dərhal bəhrəsini verdi. Bu, növbəti oyunlarda start heyətinin müəyyənləşdirilməsinə təsir edə bilər?
- Qərarları buna görə vermirik. Bir neçə dəfə olub ki, sonradan meydana daxil olan futbolçular effekt veriblər. Amma görürsüz ki, əsas heyətdə kimlər olur. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır.
- Oyundan sonra Metyuya iradlarınızı bildirdiz. Ona nə dediyinizə bilmək olar?
- Heç bir iraddan söhbət getmirdi. Onun meydançadakı duruşu ilə bağlı istəklərimizi deyirdim.
- Oyunu iki hissəyə bölsək, Vensan Abubakar meydana daxil olandan sonra hər şeyin dəyişdiyini demək olar?
- Böləsi olsaq, birinci və ikinci hissəyə bölsək, daha yaxşı olar. Bəli, Abubakar təcrübəsini göstərdi. O da bizim oyunçumuzdu. İkinci hissədə rəqibə epizod vermədik.
- Milli komandanın da qapıçısı olan Rza Cəfərova yayda təkliflər var idi, amma "Neftçi"də qaldı. Burada isə şans qazanmır. Onun başqa kluba göndərilməsi daha məqsədə uyğun olmazdı?
- Qərarları klub verir, biz veririk. Nəyin məqsədəuyğun olduğunu klub yaxşı bilir. İstəyirik ki, bütün mövqelərdə böyük rəqabət olsun. Yerli və ya legioner qapıçı fərq etməz. Biz də özümüzü düşünürük.
- Abubakar bu gün 20 dəqiqə oynadı. Fiziki durumu növbəti matçda daha çox oynamasına imkan verir?
- Oyundan asılıdır. Bəli, ola bilər. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyər. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun.
- Qəbul edirsiz ki, 9 tur ərzində 2 qələbə "Neftçi" üçün azdır?
- Əlbəttə qəbul edirəm. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək.Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq.

