"Milli oynamırsa, ona baş məşqçi təyin etmək lazımdır?

19 May 2020 21:40 Milli komanda 573
"Milli oynamırsa, ona baş məşqçi təyin etmək lazımdır?

Sportinfo.az xəbər verir ki, millinin sabiq baş məşqçisi Şahin Diniyev hazırda Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Onunla Premyer Liqanın mümkün bərpası, avrokuboklarda iştirak edəcək komandalar və yığmanın baş məşqçisi mövzuları ilə bağlı danışdıq.

- İki gün öncə AFFA-nın təşəbbüsü ilə PFL və premyer-liqa klubları arasında keçirilən iclasda çempionatın mümkün bərpası və bəzi yeniliklər müzakirə olundu. İclasda müzakirə olunan məsələlərlə bağlı fikirləriniz necədi?
- Müzakirələrin və qərarların detallarının tam fərqində deyiləm. Klublara koronavirusla bağlı testlərin keçirilməsi tövsiyə olundu. Bununla bağlı yardımın ediləcəyi bildirildi. Klubların məşqə başlaması, çempionatın taleyi ilə bağlı dəqiq məlumat yoxdu. Digər məsələ isə 5 futbolçunun əvəzlənməsi ilə bağlıdı.

- Premyer Liqanın mümkün bərpası ilə bağlı nə düşünürsüz? Nəzərə alaq ki, karantin dövrü mayın 31-dək nəzərdə tutulub və komandalara məşq üçün azı üç həftə vaxt lazımdı.
- Düşünürəm ki, çempionatı başa çatdırmaq mümkündü. 8 tur qalıb, kubokda da bir neçə oyun var. Mənə elə gəlir ki, qısa zamanda oyunları keçirərək, çempionatı yekunlaşdırmaq olar. Əvəzetmələrin sayının artırılması da bununla bağlıdı. Futbolçuların fiziki durumu həftədə bir yox, iki dəfə oynamağa imkan versin. Bununla da futbolçuların üzərinə düşən təzyiq azalmış olar. Əsas fikir çempiontın bərpası, oyunların tez bir zamanda keçirilməsi və liqanın yekunlaşdırılmasıdı. Düşünürəm ki, elə ən ideal variant da budu. Düzdü, elə məsələlər var ki, nə klublardan, nə də futbolçulardan asılıdı. Operativ Qərargah bu gün yenidən karantin qaydalarını yumşaltdı. Məncə, komandaların məşqlərə başlayacağı gün çox da uzaqda deyil.

- İstəməsək də, başqa ehtimal çempionatın bərpa olunmaması, vaxtından tez yekunlaşmasıdı. Bu hal baş versə, klubların avrokuboklarda iştirakı ilə bağlı sual yaranır. Sizcə, klubların avrokuboklara qatılması necə həyata keçirilməlidi?
- Sona 8 tur qalmış 1, 2 və 3-cü yerlər hardasa aydındı. Geriyə sadəcə, bir klub qalır, hansı ki, turnir cədvəlində 4-cü yeri tutaraq və ya kuboku götürərək gedə bilər. Bizdə yalnız bu problemdi. Bir var vəziyyət lap qarışıq ola, hamısının ilk “3-lüy”ə düşmək şansı ola, bu daha qəliz variantdı. Aydındı ki, “Qarabağ”, “Qəbələ” və “Keşlə” bir ayaqla artıq ordadı. 4-cü yer uğrunda isə bu üç komanda istisna olmaqla, qalanları mübarizə apara bilər. Çempionatın bərpa olunması 4-cü yer uğrunda daha ədalətli mübarizənin getməsi və vəsiqənin qazanılması üçün vacibdi. Düşünürəm və inanıram ki, çempionat bərpa olunacaq və avrokuboklara qatılacaq komandalar bu şəkildə müəyyənləşəcək.

- Bu vəziyyətin yaranması, çempionatın bərpa olunacağı halda daha sıx qrafikin qaçılmaz olması avrokuboklara gedəcək klublarımızın çıxışına necə təsir göstərə bilər?
- UEFA bu məsələni nəzərə alacaq. Avrokubok oyunları iyulda başlayırdısa, indi həmin tarixi 5-10 gün irəli çəkəndə, heç bir problem olmaz. Digər tərəfdən, düşünək ki, futbolçular böyük təzyiq altında da olmayacaqlar. İki ay ərzində onlar yetərincə istirahət ediblər. Mənə elə gəlir ki, bununla bağlı böyük problem olmayacaq. Əksinə, normal halda futbolçular iyunda istirahət edirdilərsə, indi 3 aya yaxın istirahət ediblər. Çempionatın bərpasından sonra 8 oyun və ardınca avrokubok qarşılaşmalarını təşkil etmək mümkündü.

- Digər qaranlıq məsələ milli komanda ilə bağlıdı. Yığmanın boş qalmış baş məşqçi postu üçün namizədlərlə danışıqlar pandemiya səbəbiylə dayandırılıb...
- Qərar verən, işə götürən, işdən azad edən federasiyadı. Amma mənim düşüncəmə görə, indiki halda milli komandaların oyunları keçirilmirsə, AÇ-2020 təşkil olunmayacaqsa, seçmə mərhələ oyunları da baş tutmayacaqsa, milliyə yeni baş məşqçi təyin etməyə ehtiyac yoxdu. Yığma oynamırsa, baş məşqçi də lazım deyil. Ola bilər ki, noyabr-dekabr aylarında hansısa yoldaşlıq oyunları keçirilsin, amma onun üçün indidən baş məşqçi təyin etməyə ehtiyac yoxdu. Düzdü, bu məsələlər mənim fikrimlə ölçülmür, sadəcə, düşünürəm ki, indidən baş məşqçi seçilməsi mənasızdı. Bir komanda oynamırsa, ona baş məşqçi təyin etmək lazımdı? (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı