Bəlkə mən düz demirəm? - Millinin yeni baş məşqçisi əcnəbi olsun!

7 Mart 2020 12:16 Milli komanda 807
Bəlkə mən düz demirəm? - Millinin yeni baş məşqçisi əcnəbi olsun!

Millinin baş məşqçisi yerli olmasın, əcnəbi olsun.

AFFA-da illərdir yer zəbt edənlərin bir çoxu yenə xaricilərin arxasınca getməyin tərəfdarıdır. Hamısı deyir ki, kimi gətiririk gətirək, bircə Biləcəridən o yana uz tutaq, buraları ayağı birinci dəfə dəysin.

Düz buyururlar. Mən onlarla razıyam, həmfikirəm, şiddətlə dəstəkləyirəm. Öz aramızdır da, nə vaxr axı bu azərbaycanlı məşqçilərdə? Çox iş görsələr də, az danışırlar.

Üçdən-beşdən nə versən onlara, qane olacaqlar. «Min bərəkət» deyib, sənlə ikiəlli görüşəcəklər.

Böyük pul istəməyəcəklər, hər ay bir ölkədə təlim-məşq keçirməyi tələb etməyəcəklər.

Deməyəcəklər, qulaq laktakı eləməyə Almaniyaya gedək.

Deməyəcəklər, gətir sənədi bura, görmədiyim, almadığım pulun altına qol çəkim.

Deməyəcəklər, onu gətir, bunu götür.

Deməyəcəklər.

Söz yox, meşə çaqqalsız olmaz. Elələri də ola bilər ki, desin, bir tək məni orada əyləşdirin, nə istəyirsiz, edim, lap dombalaq aşım.

Amma etiraf edək ki, belələri azdır. Bu arzuyla yaşanlar da qorxusundan səsini çox hündürdən çıxara bilmir.

Əmbə ki o əcnəbi… Əsl bal, qaymaq, şəkər, şərbət… Bəh-bəh! Nə var, onda, onlarda var. Gətirirsən, həm özü qazanır, həm də sənə qazandırır.

Gəzdirirsən Bakını, qonaq edirsən İçərişəhərə, quzu kababından, dana basdırmasından yedizdirirsən, 50 qram viskiyə qonaq edirsən, olur sənin dostun.

Ondan sonra dünya sənindir. Nə alacaq, yarısını bəri ötürəcək. Əlini ağdan-qaraya vurmayacaqsan, ancaq pulun gələcək. nəyi pisdir ki? Bundan gözəl iş?

Bir dil biləcək, bir dodaq. Başqa kimsənin bundan xəbəri olmayacaq, olması da mümkünsüzdür. Çün əcnəbiyə özünə çatacaq pul maraqlıdır, nəyinə lazımdır özünü dilə-dişə salsın.

Onlar «hulqum» sahibidir. Elədiklərini, aldıqlarını, ötürdüklərini dilə gətirməzlər.

Həyatdır da, Elxan Məmmədov, hər şey ola bilər. Yəqin ki haçansa rastına başqa məşqçilər də çıxacaq, mütləq çıxacaq.

Amma inan mənə Elxan, hec bir yerli məşqçiylə bu cür olmayaçaq. Ola da bilməz. İşində ol, pulunu qazan!

Şəhriyar Vəliyev

Digər Xəbərlər
Xəbər Lenti