"Qəbələ"ni qarabaqara izləyən iki problem

16 Fevral 2020 19:50 Köşə 921
"Qəbələ"ni qarabaqara izləyən iki problem

Premyer Liqada üçüncü dövrənin 3-cü turu başa çatmaq üzrədir, «Qəbələ» hələ qış fasiləsindən qayıtmayıb.

Bu komanda mövsümün əvvəlindəki halına qayıdıb. Sənan Qurbanovun vaxtındakı kimi oynayırlar yenə.

Onda bilinirdi ki, kollektiv daxilində problemlər var və kifayət qədər çoxdur. Büdcənin azalması, iddianın itməsi, aparıcı legionerlərin demək olar hamısının düşərgəni tərk etməsi bir tərəfə – bunlar aysberqin görünən tərəfidir.

Sənan Qurbanovun yerdə qalan futbolçularla yola getməməsi, onları yerli-yersiz tənqid etməsi, bəzən ünvanlarına təhqilər yağdırması, bəzən də dalaşması bir müddət pərdənin arxasında qalsa da, hər halda «barıt çəlləyi» bir gün partladı.

Bu gün nə maliyyə çətinliyi gözəy dəyir, nə Qurbanov buradadır. «Qəbələ»nin maliyyəsi zəifləsə də, ödəmələr sabitdir. Fariz Nəcəfov mövcud imkanlar daxilində komandaya ən yaxşı şəraiti yaradıb, müqavilə şərtlərinin yerinə yetirilməsinə həssas və diqqətli yanaşır.

Elmar Baxşıyev danışığını, hərəkətini, yerini bilən məşqçidir. Düzdür, bəzən aqressiv olur, ama Sənan Qurbanov kimi tez-tez ağzını şeytan yoluna qoymur. Futbolçularla arasında məsafə/hörmət saxlayır, balansı qoruyur.

Görürsən ki, özünü göstərməkdir niyyəti və bunun üçün əlləşib-vuruşur. Qurbanovun qovulmasından sonra hələ bir «Qəbələ»li ondan və köməkçilərindən şikayət etmir. Deməli, komandadaxili münasibətlərin pozulmasından söz etmək, şübhələnmək artıqdır. Od olsaydı, tüstüsü çıxardı hər halda.

«Qəbələ» qış fasiləsində 3 yeni legioner alıb. Üçü də vaxtilə böyük klubların məktəbini keçib, yaxşı yerlərdə oynayıb.

Sadəcə, onların düşərgəyə gec qoşulması İbrahimma Niasse ilə Davit Volkovun yoxluğunu hiss etdirir komandaya. Bir qədər tez, heç olmasa, yanvarın ikincim yarısında özlərini bura yetirsəydilər, artıq adaptasiya prosesini də keçmişdilər, Baxşıyevin oyun üslubunu da mənimsəmişdilər.

İkinci bir nüansı da mütləq qeyd etməliyik. Rəqiblər qış fasiləsinədək «Qəbələ»yə bir başqa gözlə baxırdılar, onu zəif sayır, qiymətləndirmirdilər.

«Qəbələ» onlara yuxarıdan-aşağı boylananları cəzalandıra-cəzalandıra 13 xal topladı, kubokda yarımfinala vəsiqə qazandı, beləliklə, yatmışları bir nəfər kimi oyatdı.

O birilər bir də qışın ortasında ayıldılar ki, yox e, «Qəbələ»ni qiymətləndirməsələr, günləri göy əskiyə bürünəcək, başladılar hesablaşmağa.

O hesablaşmaq, bu hesablaşmaq, «Qəbələ» qış fasiləsmindən sonra 4 tura 1 xal toplaya bilməyib. Yenidən relsə düşmək üçün daha bir-iki həftə səbr etmək lazım gələcək. Minimum.

Xəzər Hikmət

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi