"Keşlə"dəki qarşıdurmanı kim yatırda bilər?

28 Yanvar 22:23 Köşə 888
"Keşlə"dəki qarşıdurmanı kim yatırda bilər?

«Keşlə» Antalyadan bir heç-heçə ilə dönür. Son oyunda Slovakiya "Zemplin"i ilə 1:1 hesablı heç-heçənin qol qəhrəmanı paytat təmsilçisinin yeni transferi Aleksander Kristavau olub.

O, komandanın bundan əvvəkli matçında da yeganə qolunu vurmuşdu - Rusiyanın Tula "Arsenal"ına (1:2). Ümumən Türkiyədə komandanın qollarını ancaq yeni transferləri vurub. İlk görüşdə Şahruh Qadayev Almaniyanın “Zvikau”su (1:4) ilə qarşılaşmada fərqlənmişdi.

Səfərdəki toplanışı birmənalı qiymətlənirmək olmur. Tərlan Əhmədovun «Neftçi» ilə macəralarını xatırlayanlar da bilir ki, qış fasiləsi dövründə onun uğursuzluqları sonra çempionat yüksəlişi ilə başa çatmışdı.

Ən əsası, indiki toplanışda yeni transferlərin öndə olması, komandanın ilk iki dövrədəki oyunçu seçiminin uğurları da nəzərə alınmaqla, effektli ola bilər. Hərçənd, etiraf edək ki, «Keşlə» heyət və imkanlar baxımından özündənsonrakı bəzi klublardan da geridədir.

Baş məşqçi isə klubun saytına «düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi» deyərək, ümidlərini əsirgəmir. Hər halda digər klubların da böyük sıçrayış etmədiyini əsas götürsək, «Keşlə»nin Avropa kuboklarına düşmək uğrunda mübarizəyə ümid bəsləməsi əbəs deyil.

Fəqət, futbolçularla baş məşqçi arasında yaranan növbəti ixtilaf düşündürücüdür və klub rəhbərliyinin mütləq surətdə buna aydınlıq gətirməsi lazımdır. Komandanın liderləri Əhmədovla yola getmir.

Sezar Meza Kolli olsun, Vüsal İskəndərli olsun, ya başqaları - Tərlan bəy onları özündən çox uzaqlaşdırıb. Hər gün nə qədər söz-söhbət, inciklik olar axı!

Zaur Axundov tərəflərə «dur» deməlidir. Çünki artıq burada kollektivçilik ruhundan danışmağa dəyməz. O kollektivdə indi ikitərəflik əmələ gəlib. Belə yerdə nə xeyir olasıdır, nə bərəkət.

«Keşlə»ni daxildən «müalicə» etmək lazımdır hazırda. Zaur Axundovdan qeyrisi bu yükü qaldıra bilər yalnız. Güc bircə ondadır, Müşahidə Şurasının sədrində.

Oturub gözləmək olmaz ki, hər şey öz-özünə düzələcək. Zaman bu mənada «Keşlə»nin əleyhinə işləyir.

Xəzər Hikmət

Xəbər Lenti
5 İyul 00:42 Qurbanovdan 2-ci... FOTO
4 İyul 21:00 Azərbaycana vaxt verdi