AFFA Prosineçkini gözləyəcək

30 Dekabr 2019 14:10 Köşə 1 929
AFFA Prosineçkini gözləyəcək

AFFA birinci divizionda futbolçu qoymadı, hamısını cəzalandırdı. Deyirsiniz ki, birinci dəstədə çıxış edən komandalar meydana buraxmağa futbolçu tapa bilməyəcklər? Buna görə narahat olmağa dəyməz. AFFA-nın bu ilin avqustun 1-də verdiyi məlumata görə, Azərbaycanda 170 min adam futbolla məşğul olur. Ona görə də qəti narahat olmayın, hər şey “qaydasında” olacaq. Sadəcə, AFFA o 170 minin arasından yığma komandalarda oynaya biləcək futbolçular tapmır, məcbur olub yığmaya Almaniyadan, Türkiyədən 4-5-ci sort futbolçular dəvət edirlər. Amma o 170 minin arasında birinci dəstədə “oynaya” biləcək o qədər “futbolçu” var ki... Bir də vacibdir ki, AFFA o rəqəmə - 170 minə bir daha əl gəzdirsin. Nöşün ki, avqustdan artıq 5 ay ötüb, üstəlik, futboldan da xeyli adam silinib. Deməli, dəqiqləşdirmə aparmağa ehtiyac var. Xalqmız buna görə bərk nigarandır. 2020-ci ilə isə nigaran daxil olmağın düşər-düşməzi olar.

***
Rövnəq Abdullayevin bir kreslosu az olacaq 2020-ci ildə. Onu parlamentə buraxmayacaqlar. Bilirəm, deyəcəksiniz ki, bu, şad xəbərdir. Bu, həm də sonun başlanğıcıdır. Amma gəlin, çırtıq çalmayaq, sonun tez gələcəyini də güman etmirəm. Adamın o qədər kreslosu var ki... Bu kresloları bir-bir ondan almaq üçün uzun illərə ehtiyac var. Ümid edək ki, növbə futbolundur. Onsuz da futboldakı kreslonun adı Rövnəq Abdullayevin idi, dadını baş katib Elxan Məmmədov çıxardırdı. Rövnəq müəllim düz 12 ildir ki, futbolun kreslosunu monopoliyasında saxlayır. Bu müddətdə futbola “fitbol” dedi, “feyr-pley”lə “pley-off”un fərqini ayırd edə bilmədi. Deməli, bundan sonra “futbol” sözünü düzgün tələffüz edəcəyinə, “feyr-pley”lə “pley-off”u ayıracağına güman yox. Bir də ki, nəyinə lazımdır dadı sənin olmayan kreslo? Rövnəq müəllim, siz cüdodan yapışın, cüdodan. Bilirəm, “cüdo” sözünü tələffüz etmək daha çətindir. Amma bir yoxlayın, bəlkə alındı.

***
Robert Prosineçki özünə hörmət edən şəxsmiş. Adam burdan gedəndə demişdi ki, Azərbaycan yığmasında bundan artıq heç bir perspektiv görmürəm. AFFA rəhbərləri onu qaytarmaq üçün nə qədər yalvar-yapış etsələr də, xorvat qayıtmadı, Türkiyə çempionatında autsayeder “Kayserispor”u seçdi. Baxmayaraq ki, ona Azərbaycanda daha çox pul vəd edirdilər. Amma Prosineçki autsayder “Kayserispor”da daha çox perspektiv gördü, nəinki Azərbaycan yığmasında. Ona da əminəm ki, Robert Azərbaycandan əl çəksə də, AFFA rəhbərləri ondan əl çəkməyəcək. İnanın, AFFA yığmaya “müvəqqəti” baş məşqçi təyin edəcək, Prosineçkini gözləyəcək. “Kayserispor”dan qovulacağı günə qədər.

***
2020-ci ildə futbol təsərrüfatımızda inkişaf olacaq? O qədər də axmaq deyiləm ki, bu suala “olacaq” cavabını verim. Amma Azərbaycanın futbol təsərrüfatında 2020-ci ildə də xeyli axmaq idarəçilərin xeyli axmaq qərarları olacaq. Darıxmayacağıq, çox-çox əyləncəli olacaq 2020-ci il. Bayramınız mübarək!

Natiq MUXTARLI

Xəbər Lenti