“Neftçi”nin dövranı getmiş “Jiquli”si

26 Dekabr 2019 15:04 Köşə 1 395
“Neftçi”nin dövranı getmiş “Jiquli”si

SSRİ vaxtı “Neftçi”də futbolçu vardı, ləqəbi “Jiquli” idi. Cinahdan sürətli reydləri olduğu üçün ona bu ləqəbi vermişdilər. Səməd Qurbanovu deyirəm ey...

“Jiquli” sovetlərin “matah” avtomobili idi. SSRİ dağılandan sonra bəlli oldu ki, “Jiquli” bir qəpiklik maşın deyilmiş. “Mercedes”i görən azərbaycanlı “Jiquli”dən kartof daşımaq üçün yararlandı.

Amma etiraf edim ki, Səməd Qurbanov həqiqətən də yaxşı futbolçu idi. Oyununu öz gözlərimlə görməsəydim, tərifləməzdim. Deyəsən, Səməd müəllim elə SSRİ təfəkküründə, düşüncəsində, idarəetmə mexanizmində “ilişib” qalıb.

Texnoloji əsr bir ona, bir də rusun “Jiquli”sinə təsir etməyib. “Jiquli” də həmənkidir, Səməd Qurbanov da.

Səməd müəllim hazırda “Neftçi”nin Müşahidə Şurasının üzvüdür. İdarəetmə sisteminə görə hələ də sovet düşüncəsi hakim olan “Neftçi”nin. Nəinki düşüncəsi, xəyalı da uzaq keçmişdədir bu komandanın. Hələ də 1966-cı ilin “bürünc”ünü xatırlayır “Neftçi”nin idarəçiləri. Baxmayaraq ki, Müşahidə Şurasında təmsil olan detektiv yazıçı ilə “Jiquli”dən - Səməd Qurbanovdan savayı görən olmayıb o illəri.

Hə, bizim Səməd müəllim komandanı müşahidə edən qrupda təmsil olunsa da, “Neftçi” ilə bağlı məlumatları mətbuatdan alır: “Mətbuatdan oxuyuram ki, bəzi futbolçularla yola getmir”. Baş məşqçi Roberto Bordini deyir ey. Səməd müəllim futbolçularla baş məşqçinin yola getmədiyini mətbuatdan öyrənir. Sonra da deyir ki, onun qarşısına konkret tələb qoyulmalıdır.

Baş məşqçinin qarşısına konkret tələbin indi yox, komandaya gətirilən vaxt qoyulduğunu da bilmir Səməd müəllim. Bunu bilmirsə, baş məşqçi ilə futbolçuların münasibətlərinin niyə gərgin olduğunu hardan biləcək? Bundan da xəbəri yoxdursa, “Neftçi”nin daxilindəki qruplaşmalardan nə xəbər tutacaq? Qruplaşmalardan xəbər tutmayıbsa, onlar arasında gedən “müharibə”dən nə xəbəri olacaq? “Müharibə”dən xəbəri yoxdursa, Bordinlə münasibətləri pis olan futbolçuların hansı cəbhədə “vuruşduğunu” hardan bilsin bu binəva?

Səməd Qurbanov ilin-günün bu vaxtında deyir ki, Bordinin qarşısında tələb qoyulmalıdır. Amma cəsarəti çatmır desin ki, onu “Neftçi”yə soxuşduranlar niyə o vaxt tələb-zad irəli sürmürdülər. Və heç soruşa bilmir ki, ümumiyyətlə, Azərbaycanda bordinlər çölə töküldüyü halda, onu niyə gətiriblər Bakıya. Soruşa bilmir ki, ümumiyyətlə, Kamran Quliyevlə Ceyhun Sultanovu “Neftçi”yə kim calaq edib? Deyə bilmir ki, bu calaq bar vermir axı. Deyə bilsəydi, deyərdi ki, lap yüz məşqçi dəyişin, “Neftçi” dəyişməyəcək. Ta o vaxta kimi ki, bu komandaya baş katibin yararsız “calaqları” başçılıq edəcəklər. “Jiquli”dir də, necə deyərlər, day “çəkmir”.

Təəssüf! Təəssüf ki, “Jiquli”nin, elə “Neftçi”nin də “Jiquli”sinin dövranı gedib. İndi “Mersedes” zamanıdır. Hətta ruslar da “Jiquli”nin ancaq kartof daşımaq üçün yararlı olduğunu bilirlər. Biz isə... Bizdə nostalji hisslər çox güclüdür axı. Kövrəldim ey...

Natiq Muxtarlı

Xəbər Lenti