Bahalı "oyuncağ"ın faciəvi aqibəti

9 Dekabr 2019 16:24 Köşə 1 352
Bahalı "oyuncağ"ın faciəvi aqibəti

Yəqin ki, bütün oyuncaqların aqibəti belə olur. Bahalı-ucuz, böyük-kiçikliyindən asılı olmayaraq. Bütün oyuncaqların ömrü uşaqların onlara marağı bitənə qədərdir. Ondan sonra bitir, oyuncaq ömrü.

Uşaq oynayır-oynayır, “gözünün qurdunu” öldürür və atır bir küncə oyuncağı. Uzaqbaşı, kiməsə bağışlayırlar o oyuncağı.

Amma bu bağışlama da onun ömrünü müvəqqəti uzadır, işlənmiş oyuncağa sahib olan uşağın marağı ölənə qədər. Vəssalam.

Bütün oyuncaqların aqibəti belə bitir. Varlı ata da oğluna böyük və bahalı oyuncaq – futbol klubu bağışlayanda gözləri parıldamışdı övladın. Ata da sevinmişdi. Fikirləşmişdi ki, başı qarışar bu "oyuncaq"la, pis-pis vərdişlərdən uzaq olar. İnsafən, bir müddət başını qatdı o uşaq bahalı oyuncaqla – futbol klubu ilə. Və sonra...

Sonra bütün uşaqlarda necə olursa, onda da elə oldu. “Gözünün qurdu” öldü, marağı itdi. Daha onu futbol klubu yox, başqa şeylər, məsələn dəyəri 2 milyon dollar olan saat maraqlandırırdı.

“Futbol klubu” adlı oyuncaqla oynayacaq, baş qatacaq halda deyildi. Bezdi oynamaqdan, özü də lap tez bezdi. Yəqin ki, bütün varlıların övladları oyuncaqlarından belə tez bezirlər. Böyük-kiçikliyindən, ucuz-bahalı olmasından (hərçənd ki, onların ucuz oyuncaqları olmur) asılı olmayaraq.

Amma bir küncə atmadı bu "oyuncağ"ı, əmisi oğluna bağışladı. Uzandı "oyuncağ"ın ömrü. Əmioğlunun “gözünün qurdu”, marağı ölənə qədər. Artıq “gözün qurdu” ölüb, maraq yoxdur bu bahalı "oyuncağ"a. “Səbail”i deyirəm. O “Səbail"i ki, yayda avrokuboklarda iştirak edirdi, indi qışdan çıxacağına güman azdır.

Hələ yarananda, manısların oxuduğu mövsümi mahnılar kimi “mövsümi komanda” olacağı bəlli idi. Bütün oyuncaqlar da elə mövsümi olur. Hər fəsil dəyişəndə, uşağın xarakteri də dəyişir. Yeni oyuncaq istəyir. Sadəcə, bu müddətdə bu oyuncaq- komandaya sərf edilən vəsaitə adamın heyfi gəlir.

O vəsait o uşağın dədəsinin deyildi axı, bu xalqın idi. O vəsaitlə elə bu xalqın arasından neçə-neçə futbolçu yetişdirmək olardı. Xalqın vəsaiti oğlun başını qarışdırmaq üçün sərf edildi. Oğul da bezdi bu “başqarışdırma”dan. Oğul da bezdi, qardaşoğlu da.

O "oyuncaq" daha heç kimə lazım deyil. Aparın atın, Azərbaycan futbolunun "klub qəbiristanlığı"na. O "qəbiristanlıq"da bilirsiniz, nə qədər belə "oyuncaqlar" var? Bütün oyuncaqların aqibəti belə olur! Faciəvi.

Natiq MUXTARLI

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!