Elxan Məmmədov istefa verdi...

25 Noyabr 2019 12:38 Köşə 3 018
Elxan Məmmədov istefa verdi...

Təkcə idman mətbuatı yox, ictimai-siyasi media, telekanallar, ictimaiyyət də Azərbaycan futbolunun biabırçı durumuna görə AFFA-nın baş katibi Elxan Məmmədovu ittiham edir. İddia edirlər ki, futbolumuzun qara gününə görə günahkar olan təkcə odur. Həmişə demişik ki, gəlin, əyri oturub, düz danışaq. Amma heç vaxt da düz danışmamışıq. İndi isə gəlin ömründə bircə dəfə düz oturub, əyri danışaq. Bəlkə onda düzü deyə bildik. Deyək ki, biz deyəndir, əcnəbi məşqçiləri Azərbaycana Elxan Məmmədov gətirir, futbolla bağlı verilən bütün qərarlar da onun ideyasıdır.

Ancaq yalnız ideyası. Axı məşqçilərin də, qərarların təsdiqi də İcraiyyə Komitəsində aparılır. O komitədə bilirsiniz kimlər oturub? AFFA-nın prezidenti Rövnəq Abdullayev. Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ problemini həll edib, gəlib kök salıb AFFA-da. Millət vəkili Rauf Əliyevin də seçicilərinin heç bir dərdi-səri olmadığı üçün futbolun dərdi ilə məşğuldur.

Hələ SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovu demirəm. Azərbaycan futbolunda göz dağı olan dağ boyda adam Zaur Axundov kimdir? Vaqif Sadıqov, Kazbek Tuayev heç də. Qurban Qurbanovun isə adını yavaşca çəkək. Mahir Məmmədovu ancaq şahmatdan danışan görübsünüz indiyə qədər. Firudin Qurbanov Təhsil Nazirliyində çalışsa da, onu nəinki futboldan, heç təhsildən danışan da görməyibsiniz, elədir?

Bəs əcnəbi məşqçilər yığmaya təyin olunarkən, futbolumuzla bağlı qərarlar qəbul edilərkən bu şəxslərin səsi niyə çıxmır? Niyə ancaq barmaq qaldırırlar? Niyə təkliflərini vermir, iradlarını bildirmirlər? Bəlkə bu adamların da yaxasından yapışaq? Bəlkə onlara deyək ki, Elxan Məmmədovun arxasında niyə gizlənibsiniz? Bəlkə Dadaşlinski Elxan Məmmədovu yox, elə Elmar Məmmədyarovu çağırsın verilişinə. Soruşsun ki, ay Elmar müəllim, Dağlıq Qarabağ problemini həll etdiniz ki, indi də futbolla məşğul olursunuz? Soruşsun ki, axı sənin AFFA-da nə işin? Ümumiyyətlə, Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullyeva Elmar müəllimin bu məslə ilə bağlı mövqeyini öyrənsə, yaxşı olar. Bəlkə yazığın heç xəbəri yoxdur ki, AFFA İcraiyyə Komitəsində təmsil olunmağından. Bunları araşdırmaq lazımdır ey.

Rövnəq Abdullayevin adını çəkə bilməyib, Elxan Məmmədovu tənqid etməklə, tənqidçi-jurnalist kimi görünmək bir nöqtəyə qədərdir. O nöqtəyə qədər ki, Rövnəq Abdullayev arxasında gizləndiyi Elxan Məmmədovu qurban verəcək. Bay, bəs ondan sonra biz kimdən yazacaq, kimi ittiham edəcəyik? Azərbaycan futbolundakı “qrex”ləri kimin boynuna yükləyəcəyik? Rövnəq Abdullayevin adını çəkə bilmirik. Elmar Məmmədyarov yadımıza düşmür. Rauf Əliyev, Elşad Nəsirov, Zaur Axundov heç. Vaqif Sadıqov, Kazbek Tuayev ölü canlardır. Qurban Qurbanovun adını sakitcə də çəkmək olmaz. Mahir Məmmədov ancaq şahmatdan danışır, Firudin Qurbanov isə heç təhsildən də söz salmır. Bəs onda tənqidçi-jurnalist imicimizi necə qoruyacağıq?

Deyin də. Hə, deyək ki, Elxan Məmmədov istefa verdi...

NATİQ MUXTARLI

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"