COP29

Zənginliyin ən böyük sadəliyi...

8 Oktyabr 08:50 Köşə 2 613
Zənginliyin ən böyük sadəliyi...

Oktyabr.

Sevdiyim payız fəsli. Özünün sərin, bir az da şıltaq havası ilə yanaşı, belə görünür, həm də bol səfərlər gətirib mənim həyatıma.

Bakıdan tez-tez çıxmalı oluram.

Əvvəl Şuşa.

İndi İzmir.

Şuşa və İzmir.

İzmir və Şuşa.

Mənəvi xəzinələr.

İşğal dövrlərində yadellilərin qəddini, qamətini qıra bilmədiyi Zəfər simvolları.

İzmirə ilk gəlişimdir. Qaldığım hoteldən iki yüz-üç yüz metr kənarda Cümhuriyyət bulvarı yerləşir. Egey dənizin düz sahilində.

Şuşanın dağlarının o sehrli havasından sonra indi də təmiz dəniz havasını ciyərlərimə çəkərkən özlüyümdə 5-10 il cavanlaşacam deyirəm…

Cümhuriyyət bulvarı.

Bulvardakı meydanda müasir Türkiyənin qurucusu Atatürkün at üzərində İzmirə qələbə səfərini əks etdirən böyük heykəli də ucaldılıb.

Amma nədənsə, mənin diqqətimi həmin heykəl yox, ondan 400-500 metr aralıda, iki bina arasında ucaldılan bu yavru abidə cəlb edir.


Kiçik Mustafa və anası…

Gələcəyin o cümlədən İzmir Fatehini dünyaya gətirən Qadın.

Zübeydə Xanım.

Görün, analar necə oğullar doğub!

***

… Və Türkiyənin himni oxunub başa çatan kimi stadionun tribunalarına yığılan minlərlə türk bu böyük sərkərdəyə ehtiramını, bu böyük komandanın qəlblərində əbədi yer tutduğunu bir ağızdan dedikləri bu şüarlarla ifadə edir:

- Mustafa Kamalın əsgərləriyik!

- Mustafa Kamalın əsgərləriyik!

- Mustafa Kamalın əsgərləriyik!

İndi bundan sonra necə söyləməyəsən ki, Atatürk sağdır, Atatürk yaşayır və Atatürk həmişə də yaşayacaq!

***

… İzmir Türkiyə futbolunda 3 klubla təmsil olunur. Biri “Göztepe”dir, o biri “Karşıyaka”, digəri də “Altay”.

Bu üç komandadan indi yalnız “Göztepe” bu mövsümdən yenidən Superliqada oynayır.

İzmirə dəvət səbəbim də “Göztepe”nin Superliqada “Sivaspor”la oyununu izləmək idi.

Yeri gəlmişkən, bu dəvət və yüksək təşkilatçılığa görə, fərqli və şəxsən mənim üçün yenilikçi futbol ab-havasını görmək baxımından yaratdığı şəraitə görə Azərbaycanın nümunəvi brendlərindən olan “ETOPAZ”a təşəkkür edirəm. Etiraf edim ki, belə səfərlər bir yazı və futbol adamı üçün həm yaxşı təcrübədir, həm də müqayisələr aparmaq baxımından yeni bir qapının açılması.

Qayıdıram “Göztepe”yə. Düzdür, onların “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi çoxlu titulu yoxdur. Amma siz bir fanat ordusunun öz klubunu necə yüksək tutduğuna fikir verin ki, özlərini nə “Qalatasaray”dan, nə “Fənər”dən, nə də “Beşiktaş”dan zəif sayırlar.

İzmirdəki heyrətamiz futbol ab-havası isə…

Biz azərbaycanlılar bu mənzərəni gözümüzlə gördükdən sonra gərək oturub öz futbolumuzun, boş qalan tribunalarımızın halına bir daha acıyaqmı, ağlayaqmı. Adın siz qoyun.

Təsəvvür edin, “Göztepe” hələ Türkiyənin futbol mərkəzi olan İstanbulu təmsil etmir.

Təsəvvür edin, mənim canlı izlədiyim “Göztepe” - “Sivasspor” qarşılaşması hələ liderlərin deyil, turnir cədvəlinin orta sıralarında yer tutan iki komandanın oyunu idi.

Amma 19 minlik “Gursel Aksel” stadionunda - yəni “Göztepe”nin Banişevskisinin adını daşıyan arenada (burda dərin bir ah çəkək ki, Banişevski onilliklərdir hələ də layiq olduğu dəyəri almaylb) iynə atsan, yerə düşməzdi: futbola öz dostu, məhlə uşağıyla gələn çoxdur əlbəttə, amma ailəsi - azyaşlı övladı, nəvəsiylə gələnlərin də sayı-hesabı yoxdur. Oyun günü şəhərdə “Göztepe”nin sarı-qırmızılı rəngi ilə gəzənlər barədə isə qeydləri etmirəm belə. Bunu izmirlilər necə bacarıb sualının cavabı isə stadionun liftində eşitdiyim bu sözlərdə gizlənib.

Dədə, yəni bizim türkcədə baba bağrına basdığı nəvəsinə deyir:

- Gözəl övladım, sən gələcəyin “Göztepe"lisisən.

İzmirdə və əminəm ki, bütün Türkiyədə futbol və komanda sevgisi bir-birinə irsən bax belə keçir: atadan oğula, oğuldan nəvəyə…

Və həmin babalar, həmin atalar və həmin nəvələr “Göztepe”nin Banişevskisinin adını daşıyan arenada, oyuna 40-45 dəqiqə qalmış həm də bax belə bir möhtəşəm mənzərəni yaradır. Məşhur “Səndən daha gözəl” mahnısının sədaları altında…

Əlbəttə, belə bir sevginin, belə bir dəstəyin cavabı da qələbə olmalıydı. Oldu da: 3:2.

“Göztepe”nin hədəfi Avropaya getməkdir. Bunu mənə klubun nümayəndələri dedi. Yeri gəlmişkən, Kerem Ertan bəyin, Sedef xanımın qonaqpərvərliyini, əfəndi davranışlarını da ayrıca minnətdarlıqla qeyd edirəm…

Və sonda.

Oturduğumuz lojada oyunu sarıyanız bir gənc avropalı da izləyirdi. Əvvəl elə zənn etdim ki, o da bizim kimi yazardır, ya da “Goztepe”nin keçmiş futbolçularından biri. Bütün oyun boyu elə sakitcə oyuna baxır, yalnız ara-sıra yanındakı dostuyla pıçıldaşırdı.

Matç bitəndə lojanı sakit, sadə ədasıyla, bizimlə də görüşərək tərk etdi.

Soruşanda ki, bu kübar insan kimdir, dedilər, o, cənab Rasmus Ankersendir. Onu da sual etdim ki, bəs bu cənab Rasmus Ankersen nəçidir?

Dedilər, 41 yaşlı danimarkalı iş adamıdır.

“Goztepe” futbol klubunun da yeni sahibidir. Həm də İngiltərə Premyer Liqa təmsilçisi "Sauthempton"un.

Oyunu klub rəhbərliyi ilə deyil, tanımadığı insanların - bizim əhatəmizdə izləyən bir iş adamı.

Onda yadıma elə türklərin bir köhnə sözü düşdü: zənginliklərin ən böyüyü sadəlikdir (qol.az)…

Aydın Bağırov,

İzmir-Bakı

Xəbər Lenti