Qurban Qurbanovun kölgəsindən imtina edən KİŞİ

12 İyul 2023 20:40 Köşə 3 160
Qurban Qurbanovun kölgəsindən imtina edən KİŞİ

Atası icra başçısı olan hansısa oğulun valideyninin rəhbəri olduğu idarəni qoyub, pul dalınca başqa ölkəyə getdiyini təsəvvür edirsiz?

Anası məktəb müdiri olan hansısa qızın valideyninin əsas söz sahibi olduğu təhsil ocağını qoyub, işləmək üçün başqa məktəbi seçdiyini təsəvvür edirsiz?

Qardaşı xəstəxanada baş həkim olan hansısa bacının doğma qardaşının ağalıq etdiyi səhiyyə ocağını qoyub, başqa klinikada tibb bacısı kimi çalışdığını da təsəvvür edə bilməzsiniz.

Çünki, sadaladıqlarımın heç biri Azərbaycanda mümkün deyil. Azərbaycanlının fantaziya məhsulu deyil.

İllərdir görməyə alışdığımız bu stereotipi Musa Qurbanlı öz əlləri ilə qırıb kənara atdı. Necə? Azərbaycan futbolunun qürur mənbəni olan “Qarabağ”ı qoyub, gələcəyinin necə olacağını heç kimin bilmədiyi “Yurqarden”lə müqavilə bağlamaqla.

Bir anlıq təsəvvür edək, Musa Azərbaycanda nələrə sahib deyildi?

Atasının çalışdırdığı komandada əsas hücumçu idi.

Başa çatan çempionatda 21 qol vurmaqla klub və komandadakı yerini bərkitmişdi.

Futbolçu bacarığına və insani keyfiyyətlərinə görə azarkeşlər tərəfindən sevilirdi.

Rəhbərliyin və komanda yoldaşlarının ən çox sevdiyi adlardan idi.

Evinin içində oynayırdı, ailə üzvlərini, doğmalarını və dostlarını istədiyi vaxt görə bilirdi.

“Qarabağ”dakı maaşı özünü qane edəcək dərəcədə idi.

Qurbanlı sadaladığım bütün “naz-nemətlərdən” imtina edib, legioner həyatı yaşamağı qərar aldı. Həm də harada? Qonşu Rusiya, Türkiyə, Gürcüstanda yox, Avropanın o başı İsveçdə.

Yaxın gələcəkdə bunların heç biri olmayacaq.

Musa əsas heyətdəki yerini möhkəmləndirmək üçün bir müddət özünü göstərmək məcburiyyətindədir.

Camiənin sevgisini qazanmaq üçün də vaxta ehtiyac duyacaq.

Ailə üzvləri və dostları ilə üzbəüz oturmaq üçün aylarla gözləyəcək.

Yəni, bundan sonra yaşanacaq olanlar riskdir. Alına da bilər, alınmaya da. İşin çoxu özündən asılı olsa da, sırf özüylə bağlı olmayan məqamlar da qaçılmazdır.

Amma o, bunların heç birinə görə gözlərinə qorxu qopdurmadı. İsti ev-eşiyini qoyub, baxımlı karyera və inkişaf xatirinə Avropa transfer bazarının vitrini sayılan İsveçə üz tutdu.

Ki, vitrində dayansın, aparıcı klublar onu yaxından görsün, inkişaf etsin, Azərbaycanı layiqincə təmsil edib “Azərbaycandan futbolçu çıxmaz” deyimini alt-üst etsin.

21 yaşında atasının kölgəsindən imtina edib, özü öz ayaqlarının üstündən durmaq arzusu ilə vətəni tərk edən adama sözün hər mənasında KİŞİ deyilir. Bu kişilik isə hər azərbaycanlıda olmur.

“Yurqarden” səhifən uğurlu olsun, KİŞİ!

HƏBİB

Xəbər Lenti