Cənab Prezident, sizə yalvarırıq

28 Mart 2023 23:40 Köşə 5 597
Cənab Prezident, sizə yalvarırıq

Cənab Prezident, siz Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” görüşünü canlı izləməmişdən iki gün əvvəl Azərbaycan millisi Avstriya seçməsinə 1:4 hesabı ilə uduzmuşdu.

Martın 27-də isə yığmamız bu dəfə İsveç önündə darmadağın oldu – 0:5.

Cənab Prezident, ölkə futbol ictimaiyyəti sarsıntı içindədir. Ölkənin bir nömrəli futbol komandası rəqiblər üçün qapazaltı statusunu daşımaqda davam edir. Hər seçmə mərhələdə hansısa millinin tarixinə düşürük, biabır oluruq.

Cənab Prezident, ölkə idmanına xüsusi diqqət və qayğı göstərməyə başladığınız gündən milli komandalara milyonlar xərclənir. X

arici ölkələrdə toplanışlar təşkil olunur, məşqçi və futbolçu heyətinə mükafatlar paylanır, Avropa səfərləri zamanı ən lüks otellər seçilir. Lakin bu qədər məsrəfin qarşılığında nəticə və oyun yoxdur. Ölkənin pulları bu yolla havaya sovrulur.

Cənab Prezident, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hər il ictimaiyyətə hesabat təqdim edir. İl ərzində xərclənən vəsait 10-20 milyonlarla ölçülür.

Lazımsız turnirlər, gərəksiz səfərlər və detalları ictimaiyyətdən gizlədilən xərclərə görə SOCAR-ın, yəni dövlətin büdcəsindən milyonlar xərclənir.

Cənab Prezident, 2008-ci ildən bu yana Azərbaycanın futbol millisi əcnəbilərin əlində əsir-yesir qalıb. Berti Foqtsla başlayan dövr Robert Prosineçki ilə davam etdirildi.

Yığmanı 2018-ci ilin əvvəlində Qurban Qurbanova həvalə edib ilin sonunda uydurma bəhanələrlə əlindən aldılar.

Daha sonra heç kimin tanımadığı Nikola Yurçeviçi gətirdilər, son 3 ildir Canni de Byaziyə güvənirlər. Gələn əcnəbilərin hər biri vaxt istəyir, nağıllar uydurur və bir neçə ildən sonra yola salınır.

Cənab Prezident, AFFA rəhbərliyi uğursuzluğun günahkarı olmamaq üçün məsuliyyəti klubların üzərinə atıb, ölkədə beynəlxalq normalara cavab verən futbolçuların yoxluğundan şikayətlənir.

Halbuki ölkə futboluna cavabdehlik daşıyan qurum məhz AFFA-dır. Yəni ölkədə futbolçu yetişmirsə, buna görə assosiasiya məsuliyyət daşıyır. Çünki klubların idarə olunmasına, strukturun formalaşmasına nəzarət bu qurumun əlindədir.

Bir neçə il əvvəl yüzminlər xərcləyib dünyanın dörd bir tərəfindən əcnəbi idman direktorları dəvət etmişdilər. Həmin layihə də uğursuz olmuşdu.

Cənab Prezident, Azərbaycanın futbol üzrə bütün milli komandaları ölkə futbolunun güzgüsüdür. Real vəziyyətlə tanış olmaq üçün beynəlxalq turnirlərdəki nəticələrə baxmağınız kifayətdir.

Xərclənən milyonların qarşılığında ortada heç nə yoxdur. İllər ötür, nəsillər dəyişir, diqqətiniz sayəsində futbola böyük pullar ayrılır, lakin nəticə yoxdur.

Cənab Prezident, sizdən xahiş edirik, sizə yalvarırıq, AFFA-da yoxlama aparılmasına dair tapşırıq verin.

Son 15 ildə xərclənən vəsaitin qarşılığında əldə olunan nəticələri tələb edin. Azərbaycan futbolunu, Azərbaycan millilərini dünyanın önündə düşdüyü gülməli vəziyyətdən xilas edin.

Tək ümid yerimiz sizsiniz. Yalvarırıq, xalqı bəladan, futbolumuzu bataqlıqdan xilas edin.

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı