Ayıbınıza kor olun! – Bu, futbol adına təhqirdir

29 Dekabr 2022 19:40 Köşə 1 991
Ayıbınıza kor olun! – Bu, futbol adına təhqirdir

Bu, yalnız Azərbaycan futbolunda baş verə bilərdi.

Bunu yalnız azərbaycanlı futbol funksionerləri bacarardı.

Buna yalnız azərbaycanlı futbol həvəskarları tamaşa edə bilərdi.

Mahmud Qurbanovun “Səbail”də baş məşqçi postundan göndərilməsini deyirəm. “İstefa ərizəsini rəhbərliyə təqdim edib” xəbərinin mahiyyətindən hər birimiz məlumatlıyıq.

Tək futbolda yox, digər sahələrdə də istefa ərizəsini yazmaq işdən qovulmağın və ya göndərilməyin mədəni formasıdır. Rəhbərlər bunu etməklə sanki gedən adamın qəlbinə dəymək istəmir. Hə, bir də işdən çıxarılmaya görə əlavə ödəniş məsələsi var axı.

Təsəvvür edin, “Sauthempton” İngiltərə Premyer Liqasında sonuncu pillədə qərarlaşıb. Buna rəğmən ölkə kubokunda “Çelsi” kimi nəhəngi mübarizədən kənarlaşdıraraq apreldə yarımfinalda oynamaq imkanı qazanıb. Növbəti rəqib isə nə “Mançester Siti”dir, nə də “Liverpul”. Ortabablardan olan “Fulhem”dir.

Qış fasiləsində rəhbərlik yatıb yuxuda nə görürsə, Natan Consu göndərir və yerinə ortabab, işlədiyi komandalarda heç bir titul qazana bilməyən məşqçini gətirir.

İngilis azarkeşlər klubun başında duranları bilirsiniz nə hala salar? Klubun inzibati binasını yumurta atəşinə tutub, rəhbərliyin dərisini soyarlar. Dişlərinin dilindən çıxanı deyib, canlarını alarlar ki, bu kişi bizə “Çelsi”ni udmaq sevincini yaşadıb, finalda oynamaq şansımız böyükdür. Xeyir ola zəhmət sahibi olan Consu filankəslə əvəzləyirsiniz?

“Səbail”in nə azarkeş ordusu var, nə tələb edəni, nə də atılan addımın səbəbini soruşanı. Əvəzində futbolun f-sına bələd olmayan rəhbərliyi və Müşahidə Şurasının üzvləri var.

Rəzalətdir, ay kişi. İlin-günün bu vaxtı Mahmud Qurbanova qapını göndərmək futbol adına söyüşdür. Komanda kubok mübarizəsini dayandırsaydı, qış fasiləsinə də indiki mövqeyində - sonuncu pillədə yollansaydı, hə, başqa məsələ. Getməliydi, qalması mümkün deyildi.

Amma indiki vəziyyətdə ölkə futbolunda hörmət sahibi olan 3-5 adından birinə bu münasibəti göstərmək absurd idi. Bəli, Premyer Liqanın “quyruğundan sallanmaq” “Səbail” üçün uğursuzluqdur. O boyda büdcənin, o qədər legionerin varlığında komanda üst yerlərdən birində yer almalıydı. Ancaq ortada ölkə kubokunda qazanılan nəticə və sabah üçün ümid işığı var axı.

“Dənizçilər” kubokda məhz Mahmud Qurbanovun rəhbərliyi altında “Sabah” kimi güclü rəqibini keçməyi bacarmışdı. Yarımfinalda üzləşəcəyi komandanın adı isə “Qarabağ” və ya “Neftçi” yox, gücünə uyğun olan “Qəbələ”dir. Yəni “Səbail” qəbələliləri də yarışdan kənarlaşdırıb finala yüksəlsə və “Neftçi” – “Turan Tovuz” cütünün qalibi ilə oynayıb uduzsaydı belə, bunun özü bayıllılar üçün minimum uğur sayılacaqdı. Öz aramızdır, “Səbail” hara, final matçı hara?

Rəhbərliyin Qurbanovdan istəyi nə idi ki? Qış fasiləsinə qədər avrokuboklara vəsiqəni təmin etmək? Yoxsa beynəlxalq arenalara bileti ölkə kubokuna sahib olmaqla qazanmaq? Çempionatın adı üstündə 3 komandası var – “Qarabağ”, “Neftçi”, “Sabah”. Futbolla dünən maraqlanan adamdan yayda ölkəmizi hansı komandaların təmsil edəcəyini soruşsan, əminliklə 3-nün adını çəkəcək. Yerdə qalan bir vəsiqəyə isə demək olar bütün komandalar həvəslidir.

Deməyim odur ki, qərarı verən kim və ya kimlərdirsə, vallah, həmin adam(lar)ın futbol sahəsində çalışması bu oyunun adına təhqirdir. Kimlərin çaldığı havaya oynayırlar, kimlərin fitfasına gedirlər, kimlərin sifarişini yerinə yetirirlər, özləri yaxşı bilir.

Komandasını kubokun yarımfinalına daşıyan məşqçiyə qapını göndərən adamların qapını arxadan bağlaması məsləhət idi, nəinki Qurbanova “get” demək.

Ayıbınıza kor olun, cənablar!

HƏBİB

Xəbər Lenti