AFFA-da “bala Elxan” erası

25 Aprel 2022 19:40 Köşə 2 041
AFFA-da “bala Elxan” erası

Elxan Məmmədov Azərbaycandan qaçışını çoxdan planlaşdırıbmış.

Adam proseslərin necə cərəyan etdiyini bilirdi və başa düşürdü ki, gec-tez həbs olunacaq.

Yeganə çıxış yolu ölkədən qaçmaq idi. Bu işi həll etdi. İndi bir müddət FİFA çətiri altında qorunmaq olar.

Elxan Məmmədov gedəcəyini bildiyi üçün də AFFA-nı öz kadrına – Sərxan Hacıyevə tapşırdı.

Böyük ehtimalla, bu da ona hesablanıb ki, Hacıyev onun törətdiyi əməlləri açıb-ağartmayacaq, əksinə yolunu davam etdirəcək. Hacıyevin tələm-tələsik baş katib təyin olunması məhz buna hesablanıb.

Ləğv edilmiş baş katib vəzifəsinin “dirildilməsi”nin başqa məntiqi də yoxdur axı.

Üstəlik, hər kəsə bəllidir ki, AFFA-da yeni prezident də olacaq yaxın vaxtlarda. Deməli, əgər quruma baş katib təyin etmək lazım idisə, onu yeni prezident etməli idi.

Sual yaranır: Elxan Məmmədov onu himayə edən vəzifəlilərin istəyi ilə bu planı gerçəkləşdirib? Yəni AFFA-nın yeni prezidenti də bu şəbəkənin adamı olacaq? Olacaqsa, vay Azərbaycan futbolun halına.

Gələk Sərxan Hacıyev personasına. Baş katib mətbuat nümayəndələri ilə görüşüb.

Dediklərindən bunu anladım: “AFFA-nı mən idarə edəcəyəm. Qarşımıza futbolu inkişaf etdirmək vəzifəsi qoyulub”.

Kim qoyub bu vəzifəni? Futbolu necə inkişaf etdirməyi düşünür?

Gözləyirdim ki, baş katib strategiyasından, futbola baxışından danışacaq. İnkişaf üçün ilkin olaraq nədən başlamaq lazım olduğunu deyəcək. Azərbaycan futbolunun problemlərini sadalayacaq.

Bu problemlərin həlli üçün prioritet vəzifələrin nə olduğunu bildirəcək. Amma əvəzində “Yuventus” azarkeşi olmasından danışıb.

Amma “Yuventus” – “Bolnya” oyununa baxmaqdansa, “Mançester Siti” – “Liverpul” qarşılaşmasını izləməyə üstünlük verdiyini bildirib.

Şükür, futbol zövqü pis deyil. Amma Azərbaycan futbolu ilə bağlı düşüncələri, idarəetmə planları sırf Elxan Məmmədov düşüncəsidir.

Yəni “bala Elxan”dır, elə bil fırt edib burnundan düşüb.

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"