"Neftçi"ni hər an arxadan vuracaq BÖYÜK TƏHLÜKƏ

4 Oktyabr 2021 09:40 Köşə 2 839
"Neftçi"ni hər an arxadan vuracaq BÖYÜK TƏHLÜKƏ

Samir Abasov «Neftçi»yə hücum futbolu oynadır.

Onun ötən 9 ayda gördüyü əsas iş bundadan ibarətdir.

Tətbiq etdiyi sistem komandanı qol yollarında daha təhlükəli hala gətirib.

Təhlükəli olan həm də müdafiədir. Arxa zonadakı boşluqlar, zəifliklər o qədər çoxdur ki…

Yeni mövsümə Çempionlar Liqasında başlayıb, avrokubokların qapısını Konfrans Liqasında bağlayan komandanın 8 oyunda üst-üstə 16 qol buraxması baş məşqçinin diqqətini çəkməli idi, amma çəkməyib.

Buna əlac qılmaq beləmi çətindir?

Ansamblında yetərincə müdafiəçi var, Mamadu Mbodju ehtiyat skamyaya göndərməsi bu səbəbdən adi qarşılanır. Fəqət, toplananların yerinin dəyişməsi ilə cəmin dəyişməməsi həqiqəti burada bütün çılpaqlığı ilə özünü bəlli edir.

«Səbail» Premyer Liqanın ən zəif və ən yoxsul iştirakçısıdır. Qapazı vur başına, al çörəyini əlindən – bu qədər miskin vəziyyətdədir.

Sən «Səbail» oyunun əvvəlində qapı qarşısında 2-3 təhlükəli vəziyyət yaradırsa, demək ki, Samir Abasov həftəlik hazırlıq prosesləri zamanı müdafiə planında çalışmlara az diqqət ayırır, ya da heç ayırmır.

Nədir bu: «Səbail» yaxaladığı epizodların yarısını dəyərləndirsəydi, «Neftçi» Bayıl yamacından başıaşağı ayrılacaqdı.

Abasov özü vaxtilə müdafiəçi mövqeyində çıxış edib, bu xətdə yer alanların necə oynamalı olduğunu bilməmiş deyil.

Di gəl, birinci zonanı əhatə edən çoxsaylı problemləri aradan qaldırmaq istəyi onda yoxdur. Olsaydı, bu qədər boşluqlar yaranmazdı.

Hər oyunu hücum və yarımmüdafiə xəttinin hesabına qazanmaq qeyri-mümkündür. Müdafiə etibarlı çıxışı ilə seçilməsə, hardasa büdrəyəcək, gözlənilməz xal itkisinə uğrayacaqsan.

Çempionluq mücadiləsi verən komanda özünü özündən aşağıda gördüyü rəqiblərdən gözləməlidir, onlardan qorunmalıdır.

Axı qızıl medalların taleyini bu kimi oyunlarda qazanılan xalların sayı müəyyənləşdirir.

Xəzər Hikmət

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı