Şahruddin...

27 Mart 11:20 Köşə 394
Şahruddin...

İnsan

Telefonumu Qaraya uzadıb, ərklə deyirəm:

- Elə çək ki, minarələr də düşsün.

- Bax, gör necə alındı.

- Yaxşı alınmayıb.

Sonra bir də. Olmadı. Bir də. Yenə olmadı.

Soruşa bilərsiniz, bir şəkil, daha doğrusu, bu şəkil sənin üçün axı niyə bu qədər vacibdir ki, üstündə də uşaqtək belə əsirsən? Həyəcandandırmı, yoxsa gördüyüm xarabalıqlardan beynimin, bədənimin, hətta bütün ruhumun narkoz qəbul edibmiş kimi keyidiyindənmi?..

Qəfildən Qara ilə mənə yaxınlaşıb yarırus, yarıazərbaycanca nəzakətlə deyir: “Müəllim, verin mən çəkim!”

Telefonumdakı o şəkli böyüdüb və “ramka”ya aldırıb indi evimdə saxlayıram (çəkildiyi məkana görə). Arxasında mənim tərəfimdən çernel qələmlə, bir az da səliqəsiz şəkildə yazılıb:

“Ağdam, 2020-ci il, 28 noyabr.
Şəkil: Şahruddin Məhəmmədəliyev”.

Azərbaycanlı

Diqqətimi məscidin ətrafında olan “Qarabağ” klubunun Ağdama gətirdiyi legionerləri çəkir. Ozobiç, Xayme, Medina, Gerye… Üz ifadələrindən, reaksiyalarından bura sadəcə bir klubu qarşısında öhdəliyi olduğu üçün gəldiklərini hiss edirəm.

Onda yadıma düşür ki, əslində Şahruddin də legioner, dağıstanlı balasıdır. 2014-cü ildə Azərbaycana transfer olunub, sonra milliləşdirilib. Amma heç olmasa, Vətən Müharibəsi zamanı az qala hər gün özünü ləyaqətli bir azərbaycanlıya xas tərzdə aparıb, İnstaqram səhifəsində Rusiyada, Dağıstanda olan minlərlə izləyicisinə haqqın bizim tərəfində olduğunu deyib, özünün bizdən biri kimi olduğunu göstərməyə çalışıb.

Şahruddinlə bu gün eyni vaxtda milliyə dəvət alan başqa bir milliləşdirilmiş oyunçu İsayev isə həmin İnstaqramda erməni Avetyana “qardaşım” deyə xitab edir…

Milli formanı geyinməklə azərbaycanlı olmaq olmur.

Futbolçu

Şahruddin Portuqaliya millisi ilə son matçımızda parlaq oyunu ilə seçildi. Yeganə qolda səhvi olub-olmaması daim müzakirəyə açıqdır. Amma bu, o faktı dəyişmir ki, məhz onun fədakar oyunu bizi ağır məğlubiyyətdən xilas etdi.

Yaxşı, bəs necə oldu ki, “Qarabağ”da bəzən ikinci, bəzən hətta üçüncü qapıçı olan Şahruddin bu gün klubunda da, millidə də liderlərdən birinə çevrildi?

Mən bu suala cavab tapmaq üçün onu yaxından tanıyan, “Qarabağ”ın altını da, üstünü də bilən bir neçə nəfərə müraciət etdim. Aldığım cavabları ümumən birləşdirərək sizinlə də bölüşürəm:

Azərbaycanda heç bir idmançıda (futbolçu yox, idmançı!) olmayan əzmkarlığı və xarakteri var. “Qarabağ”da illərlə (ən azı 4 ilə yaxın) ehtiyatda olsa da, ruhdan düşməyib, daim üzərində çalışıb, nə vaxtsa “bir nömrə” olacağını deyib, istəyinə çatıb da.

Bəli, bu gün Şahruddin həqiqətən bir nömrədir.

Və tək qapıda da yox, indi Azərbaycanda oynayan bütün futbolçular arasında (qol.az)…

Aydın BAĞIROV

Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?