"Azərbaycan Premyer Liqası onlar üçün yaddır"

9 Fevral 2020 17:38 Şamaxı 728
"Azərbaycan Premyer Liqası onlar üçün yaddır"

“Oyun barədə əlavə nə isə deyə bilmərəm. Bir qol matçın taleyini həll etdi.

İlk hissədə bizim də fərqlənmək üçün şanslarımız oldu. Bunu özümüz üçün pis nəticə sayıram. Çünki uduzacağımızı gözləmirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Keşlə”nin futbolçusu Con Kamara Azərbaycan Premyer Liqasının XVI turunda “ASK Arena”da “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyun haqda deyib.

Sierra-leoneli yarımmüdafiəçi meydana arxayın çıxmadıqlarını bildirib: “Səbail” çox yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırdıq. Oyunun bizim üçün çətin olacağı gözlənilən idi. Bu, futboldur, hərdən udursan, hərdən uduzursan”.

Kamara mövsümün sonunda UEFA Avropa Liqasına vəsiqə qazanacaqlarına inandığını vurğulayıb: “Məğlubiyyətə baxmayaraq, ilk “üçlük”dəki yerimizi qoruyuruq. Hədəfimiz növbəti mövsüm avrokuboklarda iştirak etməkdir. Gələcəklə bağlı nikbinəm”.

32 yaşlı oyunçu qış fasiləsində komandaya cəlb olunan özbəkistanlı yarımmüdafiəçi Şohruh Qadoyev və anqolalı hücumçu Aleksandr Kriştavaonun “Səbail”lə oyundakı çıxışını da dəyərləndirib:

“Qadoyev və Kriştovaonun komandaya kömək etmədikləri fikri ilə razı deyiləm. Hər ikisi yaxşı futbolçudur. Azərbaycan Premyer Liqası onlar üçün yad çempionatdır. Bura uyğunlaşmaları üçün vaxt lazımdır. Oyundan-oyuna hər şey daha da yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti