Samir deyir: “Bəhanə axtarmağın mənası yoxdur”

21 İyul 2020 18:20 İtaliya 1 017
Samir deyir: “Bəhanə axtarmağın mənası yoxdur”

“İnter” Antonio Kontenin rəhbərliyi altında cari mövsümə böyük ümidlərlə başladı.

Heyətini səviyyəli oyunçularla gücləndirən milanlılar çempionluğu hədəfləyib.

Klub hələ də zirvə uğrunda yarışın içindədir. Amma “Yuventus”la 8 xallıq fərqi əritməyin çətin olacağını etiraf etmək lazımdır. Deməli, cari mövsüm də, 2012-ci ildən “İnter”in şərəfini qoruyan Samir Handanoviç arzusunu reallaşdıra bilməyəcək.

2004-12-ci illər aralığında “Udineze”də oynayan qolkiper həmin dövrdə öz mövqeyində Avropanın ən perspektivli oyunçularından sayılırdı. Sadəcə sloveniyalı qapıçı kluba, belə desək, pis vaxtda gəldi.

“İnter”in eniş yaşaması istedadlı qolkiperin titulsuz qalmasınını əsas səbəbidir. Amma o, ümidini itirmir. Sloveniya yığmasında 81 oyun keçirən Handanoviç “İnter”in kapitanıdır. İyulun 14-də 36 yaşını qeyd edən qapıçının karyerası ərzində dediyi ən maraqlı fikirlərlə tanış olmaq vaxtıdır.

* Kontenin, getdiyi bütün klublarda uğur qazanmasının sirrini bilirəm. O, ambisiyalı mütəxəssisdir və işinin ustasıdır. Məşqçi ilk növbədə özünə qarşı tələbkar yanaşır. Bunun çox önəmli xüsusiyyət olduğunu düşünürəm. Belə olan halda oyunçulara qarşı tələbkar olmaq təbiidir. Məşqlərdə bunu görmək mümkündür. Onun daha bir maraqlı cəhəti var. Konteyə meydanda başverənlərdən başqa heç nə maraqlı deyil. O, hətta qəzetlərdə yazılanlara da fikir vermir. Mütəxəssis üçün əsas göstərici futbolçunun çalışqan olmasıdır. Antonio həm də əla motivatordur.

* Futbolçu kimi inkişaf etmək əsas məqsədlərimdən biridir. Bununla bərabər komandanın da irəliləməsinə çalışıram. “İnter”in heyətində titullar qazanmaq istəyirəm. Nəhəng klubda oynamaq çətindir. Qarşıya həmişə böyük hədəflər qoyulur. “İnter”ə gələn hər futbolçu buna hazır olmalıdır. Təzyiqdən qaçmaq isə mümkün deyil. Bunun öhdəsindən gəlməyin yollarını tapmalı oluruq. İdmançı üçün normal haldır. Oyunçunun, təzyiqin öhdəsindən necə gəlməsi uğurda vacib rol oynayır. Çətinliklərdən qorxan futbolçu böyük klubda oynaya bilməz.

* Canluka Palyukanın məni tərifləməsi çox xoşdur. Bu səviyyədə qolkiperdən gözəl sözlər eşitmək sevindiricidir. O, vaxtilə İtaliyanın ən güclü qapıçılarından sayılırdı. Palyuka qapıda dayanmağın nə olduğunu yaxşı bilir. Qapıçının üzləşdiyi çətinliklərdən də xəbərdardı. Penalti dəf etməyi bacarmaq qolkiper üçün üstünlükdür. Amma fikrimcə, oyun ərzində həyata keçirilən istənilən seyv komandanı qoldan xilas edir. Bu səbəbdən qapıçının bütün seyvləri dəyərlidir.

* “İnter”ə, belə demək olarsa, klubun keçid dövründə gəldim. Komanda dəyişikliklərin astanasında idi. Bəzi təcrübəli oyunçular klubu tərk edirdilər. Rəhbərlik də dəyişirdi. Bu məqam mənim üçün əlavə motivasiya qaynağı oldu. Halbuki belə dövrdə klubda müəyyən eniş yaşanacağını gözləmək olar. Uğuru gətirən əsas səbəblərdən biri sabitlikdir. Keçid dövründə sabit nəticələr qazanmaq isə çətindir. Əlbəttə, qəribə dövr idi. Amma hər klubun tarixində belə dönəmlər olur.

* Adriano Bonayuti karyeramda önəmli rol oynayıb. Ona sonsuz hörmətim var. Adriano möhtəşəm insandır. Məşqçi kimi də çox istedadlı olduğunu vurğulamalıyam. Fikrimcə, onun qapıçı məşqçisi kimi düşüncələri zamanı qabaqlayır. Bonayutinin rəhbərliyi altında fərqli üslubda məşq etməyə başladım. Onun sayəsində “Udineze”də yeni səviyyəyə yüksəldim. Bir neçə cümlə ilə Adrianonun işini dəyərləndirmək çətindir. Onun haqda çox danışmaq olar. Mütəxəssisin işində nüanslar böyük yer tutur. Ondan fiziki hazırlıqdan mövqe seçiminə qədər, hər şeyi öyrənə bilərsiniz.

* Məndən əvvəl “İnter”in qapısını böyük qolkiperlər qoruyublar. Palyuka ilə Toldonu yada sala bilərəm. Amma nümunə götürdüyüm başqa qapıçılar olub. Əmim oğlu Yasmin Handanoviçin oyununu izləməyi xoşlayırdım. O, hazırda “Maribor”da çıxış edir. Yasmin məndən 6 yaş böyükdür. Uşaqlıqdan qapıçı olmağı arzulamışam. Bu səbəbdən onun oyunlarını izləməyə gedirdim. Ondan çox şey öyrəndiyimi deyə bilərəm.

* Uşaqlıqda Peter Şmeyhelin də oyununu çox bəyənirdim. Danimarkalı qolkiper “Mançester Yunayted”in şərəfini qoruyurdu. O, Avropanın ən güclü qolkiperlərindən biri sayılırdı. Onun oyunlarını izləyəndə çərçivədə güclü qapıçının dayandığını hiss edirdim. Xüsusən, danimarkalının topu oyuna daxil etməsi maraqlı idi. O, əli ilə topu uzağa göndərə bilirdi. Bunun sayəsində komanda müdafiədən tez çıxmağı bacarırdı. Rəqiblər üçün təhlükə yaranırdı. Peter qapını tərk etməkdən də qorxmurdu. “Yunayted”in qapıçısının da zamanı qabaqladığını deyə bilərəm.

* İstənilən futbolçu çıxış etdiyi klubun kapitanı olmağı arzulayır. Böyük klubda kapitan sarğısını daşımaq isə möhtəşəmdir. “İnter” xüsusi komandadır. Bu komandanın kapitanı olduğum üçün fəxr edirəm.

* Qapıçının işi uğurlu seyvlərlə qapısını qorumaqdır. Futbol komanda oyunudur. Bu səbəbdən ayrı-ayrı oyunçular haqda çox danışmağa dəyməz. Gəlin komanda barədə danışaq.

* Fikrimcə, “İnter” kimi klub həmişə İtaliyada çempionluq uğrunda mübarizə aparmalıdır. Hər il qarşıya hədəf kimi məhz bunu qoymalıyıq.

* Qələbə qazanmamaq həmişə üzücüdür.

* Mövsümün birinci dövrəsində qazandığımız üstünlüyü iki aya əldən vermək olmaz.

* Fikirlərimi açıq şəkildə dilə gətirməyi xoşlayan insanam. Sadəcə, bəzən jurnalistlər dediklərimi fərqli anlayırlar.

* Futbolda gələcəyi təxmin etmək mümkün deyil. Oyunçuların qərarları haqda da bunu deyə bilərəm. “İnter”də qalmaq istəyirəm. Fikrimcə, komandanı tərk etməyəcəyəm. Amma bir neçə ay sonra nələrin baş verəcəyini deyə bilmərəm. Həyatda hər şey ola bilər. Bu səbəbdən boş yerə söz vermək istəmirəm.

* Güclü komanda qurmaq üçün bir neçə il birlikdə işləmək lazımdır. Son dövrdə “İnter”də tez-tez məşqçi dəyişiklikləri baş verir. Heyətə yeni oyunçular gəlir. Nəticələrin sabit olmamasının əsas səbəbi budur. Azarkeşlər klubun uğurlarına öyrəşiblər. Onların bizdən çempionluq tələb etməsini başa düşürəm. Amma möcüzələrə inanmıram. Yaxşı komanda qurmaq üçün vaxt və sabitlik lazımdır. “İnter”də isə son illərdə bu yoxdur.

* Həmişə “İnter”in heyətində ÇL-də oynamağı arzulamışam. Bu, əsas hədəflərimdən biridir.

* Klubun rəhbərliyi ilə danışıqlarda heç vaxt problem yaşamamışam. Çünki hamımız, ilk növbədə komandanı düşünürük.

* “Barselona”nın bizdən üstün oynadığını düşünürəm. Buna baxmayaraq, daha yaxşı nəticə qazana bilərdik. Katalonlarla oyunda topu rəqibə verəndə gec-tez cəzalanacaqsan. ÇL-də səhvləri, demək olar ki, bağışlamırlar.

* Futbolçunun yaşının önəmi yoxdur. Əsas onun meydanda göstərdiyi oyunun səviyyəsidi. Mən hər yaşda öyrənməyi xoşlayıram.

* Bəhanə axtarmağın mənası yoxdur. İtaliya çempionatında güclü komandaların sayı çoxdur. “İnter” də güclüdür. Sadəcə öz oyunumuzu göstərməyə davam etməliyik. Azarkeşləri tribunlara dəvət etməyin ən yaxşı yolu gözəl futbol nümayiş etdirməkdir. “İnter”in güclü olduğunu fanatlara sübut etməliyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti