Türkiyə mətbuatında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı yeni iddia ortaya atılıb.
Sportinfo.az xəbər verir ki, "Fənərbağça" İdarə Heyətinin üzvü Sərtaç Komşuoğlunun "tvitter" hesabından paylaşımı sponsorluq məsələsini yenidən gündəmə gətirib.
Belə ki, Komşuoğlu ötən ay "sarı-lacivərdlilər"ə sponsorluq edəcəyi iddiası ortaya atılan SOCAR rəsmilərindən Fuad İbrahimovla bir araya gəlib.
Onun İbrahimovla çəkdirdiyi şəkli paylaşması "tərəflər arasında danışıqlara başlanıldı" kimi qələmə verilməsinə səbəb olub. "Fənərbağça" rəsmisi şəklin üzərinə isə "SOCAR-ın önəmli ismi Fuad İbrahimovla birlikdəyik. Gündəmimiz sıxdı..." yazıb.
Noyabrda bu məsələ gündəmə gəlmiş, SOCAR-ın 15 illik müqavilə qarşılığında "Fənərbağça"nın ad sponsorluğu üçün 450 milyon avro ödəyəcəyi iddia edilmişdi. Lakin klub sonradan bu məlumatı təkzib etmişdi.

