“Milan”ın hücumçusu Rafael Leao yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı futbolçu son matçlarda azarkeşlər tərəfindən fitə basılmasından narazıdır və bu münasibəti yaxın çevrəsinə açıq şəkildə ifadə edib.
Son həftələrdə “Udineze”, “Yuventus” və “Atalanta” ilə oyunlarda tribunaların reaksiyası futbolçunun məyusluğunu artırıb.
Leao cəza səbəbilə “Cenoa” ilə oyunu buraxacaq və 24 mayda “Kalyari”yə qarşı mövsümdəki son matçını keçirəcək. Daha sonra 26 yaşlı vinger gələcəyi ilə bağlı qərar verəcək.
“Milan” artıq onu toxunulmaz futbolçu kimi görmür və 50–60 milyon avro aralığında təklifləri dəyərləndirməyə hazırdır.
Klubun əvvəllər Leao üçün qoyduğu 175 milyon avroluq sərbəstqalma maddəsi isə real bazar dəyərindən uzaq hesab olunur.
Onun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədər olsa da, tərəflər arasında ayrılıq ehtimalı getdikcə artır.
Leao bu mövsüm A Seriyasında 28 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

