“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska, milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsi fonunda İtaliya futbolundakı problemlər barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu söyləyib:
“Nəsə işləmədikdə, həmişə bir neçə səbəb olur. Mədəni dəyişikliyə ehtiyacımız var. Düşünmürəm ki, gənc oyunçularımız çatışmır.
Söhbət onların oynamasına imkan vermək üçün cəsarətdən gedir. Gənc oyunçular da təcrübəli futbolçular kimi səhv edirlər. Hamımız səhv edirik.
UEFA Çempionlar Liqası bizə hara getdiyimizi göstərir. PSJ bunu sübut edir.
Keçən mövsüm qalib gəldilər, bu mövsüm isə finaldadırlar. Onlardan nəsə öyrənə bilərik.
Düşünürəm ki, özümüzü qoruyuruq. PSJ Çempionlar Liqasını qazanıb, bu mövsüm finala çıxıbsa, bu o deməkdir ki, onlar yaxşı bir şey edirlər.
Niyə “Bayern”lə matçı tənqid edib, zəif müdafiə olunduqlarını deməliyik? Başqa ölkələrdən çox şey öyrənə bilərik, amma özümüzlə qürur duyuruq və başqalarından öyrənməkdə çətinlik çəkirik.
Biz özünü müdafiə edən qürurlu bir ölkəyik. Bir çox ölkələr bizdən daha yaxşı iş görür. Niyə bunu başa düşmürük?”
İtaliya millisi DÇ-2026-nın həlledici pley-off matçında Bosniya və Herseqovina yığmasına məğlub olub. Oyun 1:1 hesabı ilə başa çatsa da, komanda penaltilərdə 1:4 hesabıyla uduzub.

