
“Yuventus”un yarımmüdafiəçisi Timoti Vea komandanın ABŞ prezidenti Donald Trampla görüşündən sonra təəssüratlarını bölüşüb və bu görüşü “qəribə” adlandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı futbolçu bu görüşün onu təəccübləndirdiyini deyib:
“Düzünü desəm, bu, mənim üçün sürpriz oldu. Bizə dedilər ki, getməliyik və mənim başqa seçimim yox idi.
Bir az hazırlıqsız yaxalandım. Tramp siyasət, İran və başqa şeylərdən danışmağa başlayanda, fikrimdə sadəcə bu vardı: “Qardaş, mən sadəcə futbol oynamaq istəyirəm”.
İtaliya klubu ABŞ-a Klublararası dünya çempionatında iştirak etmək üçün səfər edib və bu çərçivədə “Yuventus”un heyəti Ağ Evdə Trampla görüşüb.
Görüş zamanı Tramp oyunçulara transgenderlər haqqında sual verib və ABŞ-a yalnız qanuni yollarla gəlməyin düzgünlüyündən danışıb.